Fevralın 21-də Parisdə, UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Ana Dili Günü qeyd olunacaq.
NUHÇIXAN UNESCO-nun saytına istinadla xəbər verir ki, builki Beynəlxalq Ana Dili Günü “Sərhədsiz dillər” mövzusuna həsr ediləcək. UNESCO-nun mənzil-qərargahında bir sıra tədbirlər, o cümlədən “transsərhəd dillərə” həsr edilən tədbirin açılış mərasimi və suahili dilinə aid dəyirmi masa keçiriləcək.
Bu əlamətdar günün qeyd olunması sülh dialoqunun və sosial inteqrasiyanın təşviqinə kömək edəcək.
UNESCO bütün üzv dövlətlərdən və tərəfdaşlardan dil müxtəlifliyini və çoxdilliliyi bayram olaraq qeyd etməyə çağırır; çünki bu dillər dayanıqlı inkişafın və möhkəm sülhün hərəkətverici qüvvəsidir.
Xatırladaq ki, Beynəlxalq Ana Dili Gününün qeyd edilməsi üçün Banqladeş hökumətinin irəli sürüdüyü təşəbbüs 1999-cu ildə UNESCO-nun baş konfransı tərəfindən qəbul olunub. 2000-ci ildən ölkələrdə Beynəlxalq Ana Dili Günü qeyd edilir. Dil və mədəniyyət müxtəlifliyinin tanınması, bu amillərə hörmət edilməsi cəmiyyətin daha sıx birləşməsinə kömək edir. Bu isə dünyada möhkəm sülhün əsasını təşkil edir.