“Kitabxanalar və gənclik” mövzusunda konfrans keçirilib

A- A A+

AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanası M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası ilə birgə “Kitabxanalar və gənclik” mövzusunda konfrans keçirib.

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq ölkəmizin gələcəyi olan gənclərin hərtərəfli inkişafında həyata keçirilən tədbirlərdən və kitabxanaların qarşısında duran vəzifələrdən danışıb. O, ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini qeyd edərək ölkənin yaradıcı-istedadlı gənclərini qiymətləndirmək məqsədilə müxtəlif illərdə imzalanan fərman və sərəncamları xatırladıb.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı gənclərin mütaliə mədəniyyətinin inkişafında, kitabların daha geniş təbliğində mühüm rol oynayır. Kitabxanalarda, o cümlədən müxtəlif təşkilatlarda mütəmadi olaraq həmin kitabların müzakirəsi təşkil edilir ki, bu da gənc nəslin kitaba, mütaliəyə marağının artmasında böyük əhəmiyyəti var.

Daha sonra Naxçıvan Bölməsinin Elmi Kitabxanasının direktoru Sahab Əliyeva “Gənc nəslin formalaşmasında kitabxanaların rolu” mövzusunda çıxış edərək gənc nəsildə mütaliyə marağının artırılması, kitabların sevdirilməsi baxımından kitabxanaların üzərinə düşən vəzifələrdən söz açıb.

Konfransda Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin kiçik elmi işçisi Nilufər Ağayevanın “Naxçıvan Muxtar Respublikasında yaradılmış elektron kitabxanalar” və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Nərmin Allahverdiyevanın “Müasir gəncliyin pozitiv özünütəsdiqi: dəyərli istiqamətlərin və sosial təcrübələrin formalaşmasında kitabxanaların rolu” mövzusunda məruzələri dinlənilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: