Mineral suların müalicə xüsusiyyətləri insanlara qədim zamanlardan məlum olub. Dünyanın bir çox yerində olduğu kimi, Azərbaycan ərazisində də insanlar müxtəlif tamlı, rəngli, temperaturlu və olduqca dəyərli müalicəvi xüsusiyyəti olan mineral su bulaqlarından istifadə ediblər. Müəyyən yerlərdə indiyə qədər qalan daş hovuzlar da bunu sübut edir.
Azərbaycanın mineral suları insan orqanizmini müalicə edən qeyri-adi xassələrə malikdir. Elə bu səbəbdən mineral sulardan daha çox kurortlarda, poliklinikalarda, xəstəxanalarda, ev şəraitində istifadə olunur.
Çox qiymətli mineral sular əsasən Naxçıvan Muxtar Respublikasının ərazisində geniş yayılıb. Təsadüfi deyil ki, bu ərazidə dünyada məlum olan mineral suların əksəriyyətinin analoquna rast gəlmək olar. Naxçıvan Muxtar Respublikasında 200-dən çox mineral su mənbəyinin bir neçəsindən intensiv istifadə olunur. Həmin mineral suların mənbələrinin əksəriyyəti Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay, Əylis çaylarının vadilərində və onların yaxınlığında yerləşir. Bu mineral sular kimyəvi tərkibinə görə müxtəlif və rəngarəngdir. Onlardan həm süfrə, həm də müalicəvi su kimi istifadə edilir. Onu da qeyd edək ki, regionun müalicə əhəmiyyətli suları müxtəlif tərkibə malikdir.
İndiyədək Ordubad rayonunda 29, Culfada 85, Şahbuzda 50-dən çox mineral bulaq və ya mineral su aşkar edilib və onların bəzilərindən hazırda geniş istifadə edilir. Babək rayonunda isə 50 müalicəvi su mənbəyi üzrə kəşfiyyat və axtarış işləri həyata keçirilib. Müalicə əhəmiyyətinə görə bu rayonun “Sirab”, “Qahab”, “Vayxır”, “Qızılburun”, “Darıdağ” kimi mineral suları çox məşhurdur. Məsələn, "Sirab-12" az minerallaşmış, soyuq, karbon qazlı və hidrokarbonatlı mineral sudur. “Vayxır-7” mineral suyu daha çox xroniki mədə və digər xəstəliklərin müalicəsində istifadə edilir.
Mineral suların müalicəvi xüsusiyyətləri onların tərkibindəki 6 əsas ionla - natrium, kalsium, maqnezium, xlor, sulfat və hidrokarbonatla müəyyən edilir. Suların tərkibinin müxtəlifliyi isə bu altı elementin müxtəlif nisbətlərdə birləşməsindən asılıdır. Əgər hidrokarbonat və natrium ionu suda üstünlük təşkil edirsə, bu halda onlar hidrokarbonatlı-natriumlu, yəni məşhur “Barjomi” tipli suları təşkil edir. Naxçıvandakı “Sirab”la yanaşı, “Gülüstan” (Culfa), “Nəvi” (Ordubad), “Biçənək” (Şahbuz) mineral suları bu tipə aiddir. “Narzan” tipli sular isə maqnezium, kalsium və sulfat ionlarının birləşməsindən əmələ gəlir. Şahbuz rayonun “Badamlı”, “Gicdəsər”, “Karvansara”, “Sələsüz”, Culfanın “Dingə”, “Nəsirvaz”, Babək rayonundakı “Qızılburun” bulaqları isə “Narzan” tiplidir.
Naxçıvanın “Əshabi-kəhf” mineral suyu isə radonla zəngindir. Bu su məşhur Pyatiqorsk (Şimali Qafqaz) suyunun analoqu olmaqla yanaşı, sinir, ürək-damar və revmatizm xəstəliklərinin müalicəsində çox səmərəlidir.
Respublikamızın şəfaverici bulaqlarından biri də Şabran rayonundakı məşhur “Qalaaltı” suyudur. Qalaaltıda dağ və dəniz havası bir–birinə qarışır və rütubət yoxdur. Hər tərəfdən meşə ilə əhatə olunub. Əsasən böyrək ağrılarını müalicə edən su maddələr mübadiləsi, mədə–bağırsaq, öd kisəsi xəstəliklərindən əziyyət çəkənlər üçün şəfalı hesab edilir. Eyni zamanda, bədəndən sidik turşularını qovur.
İsmayıllı rayonundakı “Bədo” bulağının suyunu iyinə görə yerli sakinlər “Qalaaltı” suyu ilə eynitipli hesab edirlər. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun alimləri onların tərkibində xeyli fərq olduğunu bildirirlər. Belə ki, Qalaaltı suyunda maqnezium, həll olmuş üzvi maddələr - fenol, alifatik turşular, bitum və s. vardır, “Bədo”nun suyunda isə bunlar yoxdur. Yerli və xarici alimlərin hələ sovet dövründə “Qalaaltı” mineral suyunun hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi xüsusiyyətləri ilə bağlı tədqiqatları böyük əhəmiyyət kəsb edir.
Hər şeydən əvvəl, “Qalaaltı” suyunun tapılması tarixinə nəzər salaq. Keçmiş S.M.Kirov adına Azərbaycan Elmi-Tədqiqat Kurortologiya və Fiziki Metodla Müalicə İnstitutunun (indiki Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibb Bərpa İnstitutu) geologiya və hidrokimya şöbəsinin əməkdaşları 1965-ci ildə Dəvəçi rayonu ərazisində kəşfiyyat işləri aparan zaman tərkibində minerallar və üzvü maddələr olan bu bulağı müəyyən ediblər. Aparılan ilkin fiziki-kimyəvi tədqiqatlar göstərib ki, suyun tərkibi “Naftusiya” suyuna oxşardır. Bundan sonra 1969-cu ilədək Dəvəçi və Quba rayonlarının müxtəlif su mənbələrində axtarışlara başlanılıb. Bu bulaqların arasında “Qalaaltı” suyunun perspektivi olduğu müəyyən edilib. Hidrogeoloqların və hidrokimyaçıların çoxillik tədqiqatlarının nəticələrinə görə, “Qalaaltı” suyunda üzvi maddələrin miqdarı litrdə 4 milliqramdan 10 milliqramadək dəyişir. Bu göstərici “Naftusiya “suyunda isə 5-10 mq/litr arasındadır.
Alimlər sübut ediblər ki, mineral suların tərkibində üzvi maddələrin dəyişməsi yağıntı ilə bağlıdır. Yaz və payız fəsillərində yağıntı çox olduğundan üzvi maddələrin miqdarı azalır. Yayda isə yağıntı azaldığından suyun debiti və tərkibindəki üzvi maddələr çoxalır. Dünya alimlərinin tədqiqatlarına görə, mineral suların tərkibində üzvi maddələrin miqdarı 30-60 mq/litr arasında olanda insan səhhətində problemlər yaradır. Belə deyək ki, bu suların müalicəvi təsiri aşağı düşür. Bu baxımdan “Qalaaltı” suyunun olduqca faydalı olması göz qabağındadır.
Mineral suların əksəriyyətinin tərkibi əsasən neft mənşəli olur. “Qalaaltı” suyunda 4.7- 7, 9 mq/litr bitum və 0,3-0,7 mq/litr naften turşusunun olması onun neft mənşəli olmasını göstərir. Bundan başqa, “Qalaaltı” suyunun tərkibində uçucu fenollar, humin maddələri, yağ turşuları, qatran və s. var. “Qalaaltı” mineral suyu tərkibindəki maddələrə görə “Naftusiya” suyuna çox yaxın olsa da, bu sudan zərərli fenolların azlığı, faydalı bitum və nafte turşularının çoxluğu ilə fərqlənir. Belə ki, “Qalaaltı” suyunda bitum 2.3-3,9 mq/litr, nafte turşusu 0,7 mq/litr, fenollar 0, 1-0,48 mq/litr təşkil edır. “Naftusiya” suyunda isə bitum 0,5-0,8 mq/litr, nafte turşusu 0,06 mq/ekv/ litr, fenollar 1,3,-2,2 mq/litrdir. Bir çox dünya alimləri mineral suların tərkibindəki bitum və nafte turşularının çoxluğunun müalicəyə yaxşı təsir etdiyini təsdiq etmişlər. Bu mənada qeyd etmək olar ki, bitum və nafte turşuları ilə zəngin olan “Qalaaltı” suyu müalicə baxımından daha əhəmiyyətlidir. Mineral komponentlərə gəldikdə isə hər iki suyun tərkibindəki hidrokarbonat-kalsium-maqnezium xəstələrin müalicəsində müsbət effekt verir. “Qalaaltı” suyu insan orqanizminə müsbət təsir göstərən ionlarla da zəngindir və bu baxımdan da “Naftusiya” suyuna uyğun gəlir. “Qalaaltı” suyunda ionlar 6,8-7,0 faiz, “Naftusiya” suyunda isə 6,9-7,2 faizdir. Həll olunmuş kömür turşusu “Qalaaltı” suyunda orta hesabla 80-120 mq/litr, “Naftusiya” suyunda isə 50-60 mq/litrdir.
Eyni zamanda, 1971-1972-ci illərdə qablaşdırılmış “Qalaaltı” suyunun müalicəvi xüsusiyyətləri öyrənilib. Alimlər 400 xəstə üzərində apardıqları müalicədən sonra belə qənaətə gəliblər ki, “Qalaaltı” suyu həm də soyuqdəymə ilə bağlı xəstəliklərə müsbət təsir göstərir. Müəyyən edilib ki, “Qalaaltı” suyu hidrokarbonat-kalsium, xlorid-sulfat-natrium mədən sularındandır və tərkibində çoxlu miqdarda hidrogensulfid var. Həmin su tərkibindəki kimyəvi maddələrin köməyi ilə daşəridici xassə kəsb edir, eyni zamanda, iltihab əleyhinə təsir göstərir. Məhz bu təsir xassələrinə görə “Qalaaltı” mədən suyu öd kisəsində, öd yollarında, böyrək ləyənində, sidik kisəsində, sidik yollarında əmələ gələn daşların əridilməsində, eləcə də qaraciyərin, öd yollarının, böyrəklərin, sidik kisəsinin, sidik axarlarının, mədə-bağırsaqların iltihabı xəstəliklərinin müalicəsində olduqca yaxşı nəticə verir.
Respublikamızın möcüzəli şəfa mənbələrindən biri də Masallıdakı məşhur “İstisu” dur. Yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti halda qaynayan bu su xəstələri dava-dərmansız sağaldır. “İstisu”yun müalicəvi olmasını ötən əsrin 60-ci illərində Masallıdan olan həkim-alim, şair-bəstəkar Mirkazım Aslanlı-Sarəng sübut edib. O vaxtlar alimin kəşfi böyük maraq doğurub və Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim buraya gələrək əlavə tədqiqat aparıb və həmvətənimizin kəşfini təsdiqləyib. Dəmbəlov dağının ətəyindən çıxan isti su ilə oynaq, mədə-bağırsaq, travmatik ağrıları və artroz kimi fəsadları aradan qaldırmaq mümkündür. Pisarioz, neyrodermit, göbələk, ekzema, böyrək və sidik yolları, habelə radikulit, prostatit, hipertoniya, qaraciyər və öd, qadın xəstəlikləri müalicə oluna bilər.
Gədəbəy rayonu mineral sularla zəngindir. Tarixən Gədəbəydə məskunlaşmış almanlar və ruslar XIX əsrdə Gədəbəy rayonunun bulaqlarından içməli su kimi istifadə edib və həmin bulaq sularının faydaları haqqında çoxlu məqalələr yazıblar. Son dövrlərdə Azərbaycan bazarına yeni daxil olmuş “Slavyanka-1” əmtəə nişanlı sular tərkibinə görə minerallarla zəngin və insan orqanizminə xeyirli olduğu üçün qısa zaman ərzində azərbaycanlıların sevimli içkisinə çevrilib.
Abşeron yarımadasında çoxlu şəfa bulaqları qaynayır. Suraxanı, Sabunçu və Şıx burnunda çıxan mineral sular böyük müalicə əhəmiyyətinə malikdir. Tərkibində yod, brom və böyük müalicə təsiri gücünə malik çoxlu başqa maddələr olan mineral sular Abşeronu daha da şöhrətləndirib.
Laçın–Kəlbəcər bölgəsinin 63 bulağı Kiçik Qafqaz dağlarının mərkəz hissəsində, dəniz səviyyəsindən 1500-2800 metr hündürlükdə yerləşən, olduqca qiymətli, kurortların tikilməsi və sənaye zavodlarının inşası üçün əhəmiyyətli olan mineral su yataqlarıdır. Bunlardan Yuxarı İstisu, Aşağı istisu, Qoturlu, Çərəktar, İlıqsu, Turşsu və digər bu kimi mineral bulaqları xüsusi qeyd etmək olar.
Göründüyü kimi, Azərbaycanda müalicəvi əhəmiyyətli sular kifayət qədərdir. Ürək ağrısı ilə deməliyik ki, ölkəmizin ən ecazkar şəfa ocağı - Kəlbəcərdəki əvəzsiz müalicəvi əhəmiyyətə malik olan “İstisu” bu gün erməni tapdağı altındadır. İnşallah, həmin əsrarəngiz şəfa ocağı, habelə işğal altında olan Dağlıq Qarabağ və digər ərazilərimizdəki təbii qaynaqlarımız düşmən tapdağından azad edildikdən sonra bu cənnətməkan Azərbaycanda müalicəvi turizmin mərkəzinə çevriləcək.
AZƏRTAC