NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Magistratura mərkəzinin Akt zalında magistrantların elmi tədqiqat təcrübələrinin başlanğıcı mövzusunda konfrans keçirilib.
Konfransda universitetin Tədris şöbəsinin müdiri Şahin Əliyev bildirib ki, magistrantların elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsində təcrübənin əhəmiyyəti böyükdür. Magistratura səviyyəsində istehsalat təcrübəsinin elmi-pedaqoji və elmi-tədqiqat təcrübəsi adlı iki növü qeyd edilib. Mövcud tədris planına uyğun olaraq magistratura təhsil səviyyəsində təhsil alan II kurs magistrantlar tədris ilinin yaz semestrində 4 həftəlik elmi tədqiqat təcrübəsi keçirlər. Qeyd edilib ki, tədqiqat apardığı mövzunun məqsədindən asılı olaraq, magistrantlar mənbələrdəki materialları sistemləşdirməyi öyrənməli, müxtəlif üsullarla işləmək bacarığına yiyələnməli, dissertasiya işləri üzərində çalışmalıdırlar.
Həmçinin Magistratura mərkəzinin direktoru Etibar Məmmədov vurğulayıb ki, elmi-tədqiqat təcrübəsinin rəhbəri təcrübə günü magistrantların təcrübə obyektinə təqdim olunması prosesini reallaşdırır, müntəzəm olaraq magistrantlar və təcrübə obyektinin rəhbərləri ilə əlaqələr saxlayır və müvafiq məsləhətləşmələr aparır. Eyni zamanda hər bir tələbənin öz gündəliyi olmalı və onlar təcrübə qurtardıqdan sonra 2 həftə ərzində hesabat təqdim etməlidirlər. Diqqətə çatdırılıb ki, təcrübənin sonunda onların gördüyü işlər müvafiq ballarla qiymətləndiriləcək və imtahan nəticələrində qeyd ediləcək.
Telli Mustafayeva