Dilimiz milli sərvətimizdir - FOTOLAR
Naxçıvan Dövlət Universitetində 21 fevral Beynəlxalq Ana Dili gününə həsr olunmuş “Dilimiz milli sərvətimizdir” adlı tədbir keçirilib. NUHÇIXAN xəbər verir ki, tədbirdə universitetin rektoru Elbrus İsayev ana dilinin hər bir xalqın həyatındakı rolundan bəhs edib. Vurğulanıb ki, ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Rektor ana dilinin saflığını qorumağın, ədəbi dil normalarının gözlənilməsinə nəzarət etməyin, həmçinin dili yad ünsürlərdən təmizləməyin hazırda bu elm müəssisəsinin başlıca vəzifəsi olduğunu diqqətə çatdırıb.
Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Sədaqət Həsənova “Zəlimxan Yaqub və ədəbi dilimiz” adlı çıxışında bildirib ki, zəngin yaradıcılığı boyu türk dünyasının tarixi şəxsiyyətlərinə, şair və yazıçılarına müraciət etməsi Ustad Zəlimxan Yaqubun əsərlərinin dil zənginliyi baxımından bənzərsizliyinə təsir edib.
“Ana dilimizə dövlət qayğısı” adlı çıxışında Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Qənirə Əsgərova əsası ümummilli lider tərəfindən qoyulmuş dil siyasətinin bugün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Məlumat verilib ki, Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 1999-cu ildə keçirilən Baş Konfransının 30-cu sessiyasında təsis edilib və 2000-ci il fevralın 21-dən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq məqsədilə qeyd edilir.
Sonda tələbələr ana dilinə həsr olunmuş şeirlər söyləyiblər.
Səadət Əliyeva