AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasında “Azərbaycanın geoloji baxımdan öyrənilməsi” mövzusunda elmi-tədqiqat işinin yerinə yetirilməsi məsələsi müzakirə olunaraq qəbul edilib.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, elmi-tədqiqat işi müəssisənin direktoru, akademik Akif Əlizadə və professor Adil Əliyevin rəhbərliyi altında yerinə yetiriləcək. Tədqiqat işini uğurla reallaşdırmaq üçün institutun bütün əlaqədar şöbələrinin mütəxəssisləri cəlb olunublar.
Azərbaycanda geologiya elmi XIX əsrin ortalarından başlayaraq inkişaf etməkdədir. Bu illər ərzində Azərbaycanın geologiyasına həsr olunmuş xeyli tədqiqat işi aparılıb, yeni-yeni neft-qaz, filiz və qeyri-filiz qazıntı yataqları aşkar edilərək öyrənilib. Bu tədqiqatların nəticələri keçən əsrin ortalarında Rusiya Elmlər Akademiyasının Geologiya İnstitutunda xüsusi komissiya tərəfindən toplanılıb və 50 cilddə nəşr edilib. Əsərin 42-ci cildi Azərbaycana həsr olunub. Həmin cildə ötən 50 il ərzində (1970-ci ilə kimi) çap olunmuş əsərlərə və əlyazmalara (fond materialları) aid geoloji məlumatlar daxil edilib.
1970-ci ildən indiyədək Azərbaycanda geologiya sahəsində daha böyük həcmdə tədqiqatlar aparılıb və xeyli yeni elmi məlumatlar əldə edilib. Hazırda bu materialların GGİ tərəfindən sistemli formada ümumiləşdirilməsinin zəruriliyi nəzərə alınaraq 1971-2020-ci illərdə “Azərbaycanın geoloji baxımdan öyrənilməsi” əsərinin hazırlanması aktual məsələ kimi qarşıya qoyulub və onun icra müddəti 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.