NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Smart tələbə kartları üzrə beynəlxalq təcrübə, layihənin ölkə və tələbələr üçün üstünlükləri” mövzusunda təqdimat keçirilib. Universitetin rektoru Elbrus İsayev təqdim edilən smart tələbə kartlarının elektron universitet sistemini daha da gücləndirəcəyinə inandığını qeyd edib və layihənin bütün tərəfdaşlarına təşəkkürünü bildirib. Vurğulanıb ki, smart tələbə kartlarının hazırlanması Azərbaycan Respublikası Prezidentin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində həyata keçirilir.
Nağdsız ödənişlər sahəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin gördüyü işlər haqqında məlumat verən Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elvin Axundov qeyd edib ki, muxtar respublikada “nağdsız cəmiyyət”in formalaşdırılması, nağdsız ödənişlərin həcminin artırılması muxtar respublika rəhbəri tərəfindən diqqətdə saxlanılan əsas məsələlərdəndir. Məhz bunun nəticəsidir ki, muxtar respublikamızda nağdsız ödənişlərin iqtisadiyyatdakı çəkisini artırmaq üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı”, 2016-2018-ci illərdə “Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq olunub və uğurla icra olunmaqdadır.
Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və Hesablaşmalar Departamentinin Milli Ödəniş sistemin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov dövlət proqramı haqqında məlumat verib. Vurğulanıb ki, bu layihə müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsində, ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacaq. Diqqətə çatdırılıb ki, ali təhsil məktəblərinin tələbələrinin bu layihəyə cəlb edilməsi bütövlükdə təhsillə bank sistemi arasında sıx əməkdaşlığa yeni imkanlar yaradacaq.
Beynəlxalq praktika haqqında çıxış edən MasterCard təşkilatının Azərbaycan təmsilçisi Emil Zeynalov Azərbaycanın ölkə miqyasında belə bir layihənin reallaşdırılmasında iştirak etdiklərindən qürur duyduqlarını bildirib və yaradılan məhsulun tələbələrə verəcəyi üstünlüklərdən danışıb.
“Naxçıvanbank” ASC-nın Ödəniş kartları şöbəsinin müdiri Səbuhi Xəlilov məhsul haqqında təqdimatla çıxış edib. Təqdimatda bildirilib ki, smart tələbə kartı vasitəsilə tələbələr təqaüdlərini alacaq, ölkə daxilində və xaricdə həmin kartlarla ödənişlər həyata keçirə biləcəklər. Həmçinin, regionlarda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcəklər. Tələbələr smart kartı vasitəsi ilə universitetə, kitabxanaya və oxu zallarına giriş üçün də istifadəsi təmin olunacaq. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunmasının nəzərdə tutulduğu vurğulanıb. Qeyd edək ki, layihə Təhsil Nazirliyi, Mərkəzi Bank, “Mastercard” və Kapital Bankın dəstəyi ilə həyata keçirilir.
Səadət Əliyeva