"Hökmdar" əsəri müzakirə olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Culfa şəhər 3 saylı tam orta məktəbində "Oxunması zəruri olan kitablar" seriyasından olan Nikola Makiavellinin "Hökmdar" əsəri müzakirə olunub.
Tədbirdə Culfa rayon Təhsil Şöbəsinin əməkdaşı Ramazan Abuzərov, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülsadə İbrahimli, təşkilatçı Günel Quliyeva, kitabxanaçı Fatma Nəzərova və şagird kollektivi iştirak ediblər.
Tədbirin əvvəlində Ramazan Abuzərov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 28 avqust 2017-ci il tarixli sərəncamına əsasən "Oxunması zəruri olan kitablar"ın siyahısı tərtib olunub və bununla bağlı mütəmadi olaraq kitab müzakirələri, viktorinalar keçrilib.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülsadə İbrahimli intibah dövrünün görkəmli italyan siyasi xadimi, yazıçısı, tarixçisi, hərb nəzəriyyəçisi Nikkolo Makiavellinin ən çətin anlaşılan və şərh edilən mütəfəkkirlərdən olduğunu, beş əsrdir ki, onun ən məşhur əsəri olan “Hökmdar” əsəri ətrafında qızğın mübahisələrin getdiyini bildirib.
Məktəbin şagirdləri yazıçının əsərindən parçalar səsləndirdikdən sonra, müzakirəni gənc alim Nərgiz İsmayılova davam etdirib. N.İsmayılova Makiavelli yaradıcılığının zirvəsi sayılan "Hökmdar" əsərindəki türk və Avropa xalqlarının komparativistik təhlilini verərək, yazıçının politik təfəkkür prizmasından şagirdlərə əsərin mahiyyətini və kitabın oxunmasının nə üçün zəruri olduğunu şərh edib.
Qeyd olunub ki, Makiavelli və onun “Hökmdar” əsəri həmişəlik olaraq bəşəriyyətin yaddaşında qalıb və dərin ideya və fikirlərə görə bu əsər dünya mədəniyyət xəzinəsinə daxil olub. Makiavelli sözügedən əsərdə həm də səxavət və qənaət, qəddarlıq və mərhəmət, məhəbbət və nifrət kimi məsələləri diqqətlə təhlil edir. Bütün bu anlayışları açıqlayıb, bunlara yeni mənalar verərək subyektiv fikrini bildirir. Onun fikirləri hələ də, modern dünyada əhəmiyyətli və aktual siyasi konsepsiya olaraq qəbul olunur.
Günel Quliyeva