İxtisaslı kadrlarla təchizat ordunun gücünü təyin edən amillərdəndir - FOTOLAR
Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri sırasında milli ordu quruculuğu, ixtisaslı hərbi kadrların hazırlanması xüsusi yer tutur. Hələ Sovetlər İttifaqı dövründə, azərbaycanlıların hərb sahəsindən uzaq salındığı zamanlarda ulu öndərimizin əzmi və təşəbbüskarlığı sayəsində ölkəmizdə hərbi təhsilin inkişafına xidmət edən islahatlar aparılmış, 1971-ci ildə Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi yaradılmışdır.
Xalqımızın böyük oğlu ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra milli ordu quruculuğu sahəsində daha geniş tədbirlər görülmüşdür. Ulu öndərin müdrikliyi və uzaqgörənliyi sayəsində ölkəmizdə qüdrətli milli ordu yaradılmış, onun ixtisaslı hərbçi kadrlarla təminatına böyük qayğı ilə yanaşılmışdır. Naxçıvanda hərbi təmayüllü məktəbin yaradılması da məhz bu uzaqgörənliyin nəticəsində mümkün olmuşdur. Dahi rəhbərin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradılmışdır. 1999-cu ilin oktyabrında filialın yeni tədris korpusunun açılışında iştirak edən ümummilli liderimiz bu hərbi təhsil müəssisəsinin yaradılması zərurətindən danışaraq demişdir: “Tarixən naxçıvanlı gənclər zabit peşəsinə yiyələnməyə meyilli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Elə XIX-XX əsrlərin tarixini götürək. Naxçıvan xanları – Kəngərlilər sülaləsindən çar Rusiyasının ordusunda altı general var idi. Onlardan sonuncusu Cəmşid xan Naxçıvanski idi. Əgər sonrakı dövrü, sovet hakimiyyəti dövrünü götürsək, Naxçıvandan yüksək rütbəli, çox dəyərli zabitlər çıxıbdır. ... Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün hərbi liseyin filialının yaradılması çox zəruri idi”.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2004-cü il 27 fevral tarixində imzaladığı “Heydər Əliyev adına Hərbi Liseyin yaradılması haqqında” Sərəncamla Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının bazasında müstəqil təhsil ocağı fəaliyyət göstərməyə başlamışdır. Ölkə Prezidenti 2005-ci il dekabrın 19-da liseydə yaradılan şəraitlə tanış olmuş, kursantlar qarşısında çıxış edərək demişdir: “Heydər Əliyev adına Hərbi Liseydə oxumaq böyük şərəfdir və böyük məsuliyyətdir. Bu Liseydə təhsil alan gənclər gələcəkdə bizim ordumuzda xidmət edəcəklər. Azərbaycanın müstəqilliyinin keşiyində duracaqlar”.
Heydər Əliyev adına Hərbi Lisey ümummilli liderimizin adına layiq, nümunəvi təhsil müəssisəsi kimi Silahlı Qüvvələrimizin savadlı, bacarıqlı, ləyaqətli, vətənpərvər zabitlərin yetişdirilməsi yolunda inamlı addımlar atır. Ötən dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə hərbi lisey mühüm təşkilatlanma və inkişaf yolu keçmiş, liseydə nümunəvi hərbi tədris sistemi, güclü maddi-texniki baza yaradılmışdır. Əsas məqsəd gənclərimizi Vətənimizin müdafiəsinə hazırlamaq, onlara hərb işinə dair bilik və bacarıqları mənimsətməkdən ibarətdir. Liseyin tədris imkanları ötən illərdə xeyli genişləndirilmiş, zabit-müəllim kollektivi və kursantlar Naxçıvan Muxtar Respublikasının ictimai həyatında fəal iştirak etmişlər.
Hərbi liseydə tədris zamanı kursantların vətənpərvərlik tərbiyəsinə üstünlük verilir, tariximizə, dilimizə, mədəni irsimizə, dövlət atributlarına hörmət və ehtiram hisslərinin aşılanması diqqət mərkəzində saxlanılır. Bu gün Heydər Əliyev adına Hərbi Lisey öz ətrafında yüzlərlə vətənpərvər gənci birləşdirən mötəbər hərbi təhsil müəssisəsinə çevrilmişdir.
Liseydə kursantların məişəti, təhsili, sağlamlığı, fiziki tərbiyəsi üçün hər cür şərait yaradılmış, geniş sinif otaqları, laboratoriyalar, hərbi kabinələr, linqafon və kompüter sinifləri, elmi, bədii, siyasi, hərbi və tarixi ədəbiyyatlarla, ensiklopedik nəşrlərlə təmin olunmuş zəngin kitabxana istifadəyə verilmişdir. Hazırda elektron lövhələr və internetə çıxışı olan kompüterlər dərslərin interaktiv formada keçilməsinə və hərbi liseyin muzey şəbəkəsinə qoşulmasına imkan verir. Dəqiq elmlər və xarici dillər müasir metodlarla tədris olunur. Liseydə Heydər Əliyev Muzeyi də fəaliyyət göstərir. Burada ümummilli liderimizin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən kitablar, dahi şəxsiyyətin hərbi liseyə səfərlərini əks etdirən fotoşəkillər, ötən əsrin 90-cı illərində Naxçıvanda milli ordunun formalaşdırılması ilə bağlı qəbul olunmuş taleyüklü qərarların surətləri, həmin dövrə aid fotoşəkillər nümayiş etdirilir. Bütün bunlar kursantların hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.
Hərbi təhsil ocağında gənclərin fiziki hazırlıqları diqqət mərkəzində saxlanılır. Liseydə müasir avadanlıqlarla təchiz olunmuş idman zalı, futbol meydançası mövcuddur. Kursantlar təşkil olunan idman yarışlarında, Naxçıvan şəhər və muxtar respublika səviyyəli müxtəlif idman birinciliklərində həmişə ön sıralarda yer almışlar. Bundan əlavə, onlar bilik yarışlarında, bədii özfəaliyyət kollektivlərinin baxış müsabiqələrində, fənn olimpiadalarında fəal iştirak edərək nailiyyətlər qazanmışlar.
Bu gün Heydər Əliyev adına Hərbi Liseyi bitirənlər Müdafiə Nazirliyinin birləşmələrində, Hərbi Dəniz və Hərbi Hava Qüvvələrində, Milli Qvardiya və Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müxtəlif vəzifələrdə şərəf və ləyaqətlə qulluq edirlər. Ötən dövrdə məzun olan 2 mindən çox kursantdan hərbi liseyi qızıl və gümüş medallarla, eləcə də fərqlənmə attestatı ilə bitirənlər də az deyil. Məzunlardan 100-ə yaxını xarici dövlətlərdə, o cümlədən Rusiya Federasiyasında, Türkiyə, İtaliya və Koreya respublikalarında təhsillərini davam etdirirlər. İstər ali hərbi məktəblərdə təhsil alan, istərsə də Azərbaycan Silahlı Qüvvələrində xidmətlərini davam etdirən liseyin məzunları öz nizam-intizamları, vətənpərvərlikləri, bilik və bacarıqları ilə seçilirlər. Şanlı Aprel döyüşlərində, eləcə də Günnüt əməliyyatında düşmən təxribatlarının qarşısını alarkən Heydər Əliyev adına Hərbi Liseyin məzunları da qarşı tərəfə layiqli cavab vermişlər.
Liseyə kursant qəbulunun ildən-ilə artması da bu təhsil müəssisəsinə olan marağın nəticəsidir. Cari tədris ilində Heydər Əliyev adına Hərbi Liseyə 126 kursant qəbul olunmuşdur. Hazırda liseydə 314 kursant təhsil alır.
Heydər Əliyev adına Hərbi Lisey artıq 16 ildir ki, ulu öndərin adına layiq, nümunəvi təhsil müəssisəsi kimi savadlı, bacarıqlı, ləyaqətli, vətənpərvər zabitlərin yetişdirilməsi yolunda fəaliyyət göstərir. Hərbi liseyin zabit-müəllim heyəti, kursant və məzunları bu şərəfli adı doğrultmağa çalışır, Heydər Əliyev yoluna sədaqət nümayiş etdirirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov hərbi lisey kursantlarına müraciətlə demişdir: “Ordu o zaman güclü olur ki, onun peşəkar komandan-zabit heyəti olsun. Azərbaycan dövləti hərbi təhsil müəssisələrinin fəaliyyəti üçün hərtərəfli şərait yaradır, zabit hazırlığına diqqəti artırır. Zabit olmaq üçün təkcə hərbi təhsil və fiziki hazırlıq kifayət etmir, bu peşəni seçən hər bir gənc, ilk növbədə, Vətənini, xalqını, dövlətini sevməlidir. Tarixinə, milli dəyərlərinə, dilinə, adət-ənənələrinə sahib çıxmalı, dünyagörüşünü artırmalı, dövləti və xalqı qarşısındakı xidməti borcunu şərəflə yerinə yetirməlidir”.
Ümummilli liderimiz Heydər Əliyevin “Dünyada ən şərəfli peşə Vətəni, torpağı, dövləti qorumaq peşəsidir” fikri kursantların hərbi-vətənpərvərlik tərbiyəsində əsas istiqamətdir.
Rüstəm Hüseynov
Heydər Əliyev adına Hərbi Liseyin tarix müəllimi