AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən “Folklorşünaslıq şöbəsinin 2003-2019-cu illər üzrə elmi nəticələrinin biblioqrafik göstəriciləri” kitabı işıq üzü görüb.
NUHÇIXAN xəbər verir ki, nəşrin tərtibçisi və ön sözün müəllifi şöbənin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovdur.
Kitabda 2003-cu ildən Folklorşünaslıq şöbəsində fəaliyyət göstərmiş əməkdaşların bu günədək nəşr olunan elmi əsərləri, monoqrafiyaları, xaricdə və ölkənin nüfuzlu elmi jurnallarında dərc olunmuş məqalələri, bədii, publisistik nəşrləri, tərtib etdikləri vəsaitlər, eyni zamanda, internet resurslarında dərc olunan yazıları, çap olunan antologiyaları illər üzrə geniş və əhatəli şəkildə işıqlandırılıb.
Biblioqrafiyanın ən mühüm məziyyətlərindən biri dünyasını dəyişmiş və işdən ayrılan əməkdaşlarla bağlı məlumatların əksini tapmasıdır. Burada mərhum folklorşünas alimlərdən Məhərrəm Cəfərli, Rafiq Babayevin fəaliyyətləri də yer alıb. Məlumat üçün deyək ki, qeyd olunan illər ərzində şöbədə 20-yə yaxın əməkdaş fəaliyyət göstərib. Çalışdıqları müddətdə onların 58 kitab, monoqrafiya, antologiya, bədii əsər, həmçinin 700-dən çox məqalə, konfrans materialı, tezis, müxtəlif jurnallarda məqalələri çap olunub.
Vəsait folklorşünaslıq elminin müasir nailiyyətlərini əks etdirməklə yanaşı, bu sahənin inkişaf perspektivlərini müəyyən etmək baxımından böyük əhəmiyyət kəsb edir.