Əbu-Dabidə XII əsrə aid dünyanın gümüş disk üzərində xəritəsi nümayiş etdiriləcək. Bu nadir eksponat İslam xəritəçəkəni əl-Şərif Əl-İdrisi tərəfindən işlənilib.
NUHÇIXAN xəbər verir ki, Əbu-Dabinin Manarat Əl-Saadiyat sərgi mərkəzində keçiriləcək festival çərçivəsində təqdim ediləcək bu unikal tarixi əsər kartoqrafiya elminə böyük töhfə olub. Taxta lövhənin üzərindəki gümüş diskdə təsvir olunmuş xəritədə dünyanın mərkəzi kimi Məkkə şəhəri göstərilib. Unikal əsərin sifarişçisi isə həmin əsrdə Siciliya hökmdarı olmuş II Rocerdir.
Qeyd edilib ki, iki metr eni olan gümüş diskdə olan xəritə orta əsrlər xəritəçəkmə texnologiyasına uyğun şəkildə işlənilib. Əl-İdrisinin “Dünyanı kəşf etmək istəyənlər üçün xəritə” kitabı isə hazırda Oksford Universitetinin Bodleyan kitabxanasında saxlanılır. Onun xəritəsindən üç əsr ərzində səyyahlar istifadə ediblər.
Xəritənin təqdimatı fevralın 28-də britaniyalı tarixçi Cerri Brotton tərəfindən ediləcək.