Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN-a bildirilib ki, ərizə qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və paroldan istifadə etməklə martın 2-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiqləyir. İmtahana yalnız elektron ərizəsini təsdiq etmiş namizədlər buraxılır.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı aprelin 19-da keçiriləcək.
Qeyd 1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) rezidentlər (rezidenturada təhsil alanlar) ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturanı bitirdikdən və ya rezidentura təhsilindən imtina etdikdən sonra buraxılırlar;
Qeyd 2. Rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliyə əsasən cari ildən əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (semestr imtahanlarını müvəffəqiyyətlə vermiş) tələbələr də baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar (bax: “Rezidentura” jurnalı, N 1, 2020, səh. 2).
Qeyd 3. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.