Professor Yusif Seyidovun elmi irsinə həsr olunmuş monoqrafiyanın təqdimatı olub - FOTOLAR
AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aliyə Əbülfəzqızının müəllifi olduqları “Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil məsələləri (XX əsrədək)” adlı monoqrafiyanın təqdimatı keçirilib.
Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, tədbiri İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini Hüseyn Həşimli açaraq Azərbaycan dilçilik elminin inkişafında müstəsna xidmətlər göstərən Əməkdar elm xadimi, professor Yusif Seyidovun həyat və yaradıcılığına nəzər salıb. O, görkəmli alimin fəaliyyətinin öyrənilməsi istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, professor Yusif Seyidovun elmi-nəzəri irsi ilk dəfə sistemli şəkildə AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru Aliyə Əbülfəzqızının müəllifi olduqları “Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil məsələləri” seriyasından olan birinci kitabda araşdırmalara cəlb olunub.
Qeyd olunub ki, Yusif Seyidovun Azərbaycan dilçiliyinin nəzəri sahələri ilə yanaşı, yazıçı və dil problemlərinə dair tədqiqatlarının da əksini tapdığı monoqrafiya giriş, üç fəsil, nəticə və 250-yə yaxın əsəri əhatə edən ədəbiyyat siyahısından ibarətdir.
Daha sonra Hüseyn Həşimlinin “Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil problemi” mövzusunda məruzəsi dinlənilib.
Çıxış edənlər nəşrin elmi əhəmiyyətini qeyd edib, Yusif Seyidovun dilçilik sahəsində məktəb yaratmış alimlərdən biri olduğunu söyləyiblər. Bildirilib ki, ədəbiyyatşünaslıq və dilçilik problemlərini vəhdətdə tədqiq edən alim ömrünün 60 ildən çoxunu dilçiliyin nəzəri və tətbiqi problemlərinin araşdırılmasına həsr edib. Onun bu sahədəki tədqiqatlarının nəticəsi olaraq 200-dən çox elmi əsəri, o cümlədən 30-dan çox monoqrafiya, kitab, dərslik və dərs vəsaitləri işıq üzü görüb.