Naxçıvan Bölməsinin Əlyazmalar Fondu zənginləşdirilir - FOTOLAR
AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun şəxsi kitabxanasından hədiyyə etdiyi əlyazma və çap kitablarının təqdimatı keçirilib.
AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə Fərman Xəlilov bildirib ki, Əlyazmalar Fondunun zənginləşdirilməsi daim diqqət mərkəzində saxlanılır.
Sonra hədiyyə etdiyi əlyazma və çap kitabları haqqında məlumat verən Fərman Xəlilov bildirib ki, onlar arasında satirik şairi Mirzə Əli Möcüzün 100-dək əlyazmasının surəti, Lətif Hüseynzadənin “Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti haqqında xatirə”si, həmçinin Tədqiq və Tətəbbö Cəmiyyətinin 1925-1928-ci illərdə keçirilən 41 iclas protokolunun əlyazma surəti yer alıb. Bundan başqa, Adolf Berjenin “Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” (1867), Namiq Kamalın “Vətən yaxud Slistrə” (1899), “Akif bəy” (1908), Mirzə Fətəli Axundzadənin “Kəmalüddövlə məktubları”nın ilk nəşri (1924), Firudin bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” (1926), Salman Mümtazın tərtibçisi olduğu “El şairləri” (1927) kitabları, həmçinin Azərbaycan və dünya klassiklərinin bədii nəşrləri, dərsliklər, elmi, dini, fəlsəfi və tarixi əsərlər də bura daxildir.
Sonra tədbir iştirakçıları fonda hədiyyə edilən əlyazma və çap kitabları ilə əyani şəkildə tanış olublar.