NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Azərbaycan Respublikası iqtisadiyyatının davamlı inkişafında innovasiyaların rolu” adlı respublika elmi konfransı keçirilib. Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu diqqətə çatdırıb.
Sonra iqtisad üzrə elmlər doktoru Teymur Abbasovun “Azərbaycan Respublikasında innovasiya yönümlü iqtisadi inkişaf modelinə keçidin zəruriliyi və davamlı inkişafın təmin edilməsinin əsas prinsipləri”, İqtisadiyyat üzrə fəlsəfə doktoru, AMEA İqtisadiyyat İnstitutunun böyük elmi işçisi Təbriz Yadigarovun “Dəniz nəqliyyatının iqtisadi artıma təsinin qiymətləndirilməsi”, İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanovanın “Sənaye 4.0 və onun iqtisadi inkişafa təsiri” mövzusunda çıxışları dinlənilib.
Sonda plenar iclasın iştirakçılarına rektor tərəfindən sertifikatlar təqdim edilib.
Konfrans İnnovasiya yönümlü iqtisadiyyat, İqtisadiyyat və idaretmə, Xarici iqtisadi əlaqələr və innovasiya adlı bölmə iclasları ilə davam edib.
Səadət Əliyeva