Erasmus+ proqramının PETRA layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində Təlim-tədris mərkəzi istifadəyə verilib - FOTOLAR
Naxçıvan Dövlət Universiteti tədrisin Avropa standartlarına uyğun qurulması və təkmilləşdirilməsi məqsədilə 2017-ci ildə təqdim edilmiş layihə əsasında Avropa İttifaqının Erasmus+ proqramının PETRA layihəsinə qoşulub. 74 min avro dəyərində olan qrant layihənin tələblərinə uyğun olaraq 2 il ərzində universitet əməkdaşları Macarıstanın Debrecen, Türkiyənin Ankara Qazi, Avstriyanın Vyana Tətbiqi Elmlər, Finlandiyanın Jyvaskala, İspaniyanın Valensiya Politexnik Universitetlərində təcrübə kurslarında olub, qazandıqları təcrübə əsasında universitetdə müəllim və tələbələr üçün seminar-treninqlər keçiblər.
NUHÇIXAN xəbər verir ki, 2017-2019-cu illəri əhatə edən layihənin sonuncu mərhələsində Naxçıvan Dövlət Universitetində Təlim-Tədris Mərkəzi və Elektron laboratoriya istifadəyə verilib. Mərkəzin açılışında çıxış edən universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnunluğunu bildirib. Rektor bildirib ki , layihənin məqsədi tədris və təlimə üstünlük verməkdir. Müəllimlərin pedaqoji və texnoloji ehtiyaclarını qarşılanması, tədris və təlim prosesinin inkişaf etdirilməsi üçün potensialın gücləndirilməsi, tədqiqatların təşviq edilməsi , innovativ texnologiyaların tətbiqi yolunda keyfiyyətli tədrisin təkmilləşdirilməsi layihənin xüsusi məqsədləri sırasında sadalanıb. Rektor mərkəzin fəaliyyətində perspektivləri dəyərləndirib, gələcək fəaliyyət istiqamətində mövcud təkliflərin də nəzərə alınacağını vurğulayıb.
İspaniyanın Valensiya Politexnik Universitetindən Javier Orozco mərkəzin açılmasından məmnunluğunu ifadə edib.
ERASMUS+ layihəsinin Azərbaycan nümayəndəliyinin direktoru Pərviz Bağırov bildirib ki, layihə çərçivəsində yaradılmış Təlim–Tədris Mərkəzinin universitetin müəllimlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, onların müasir təlim metodları ilə işləmək bacarıqlarının, tədris prosesinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək.
Layihə iştirakçıları Jurnalistika və kitabxanaçılıq kafedrasının müdiri, dosent Şəhla Şirəliyeva, İngilis dili və tərcümə kafedrasının müəllimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Cəlilzadə qeyd ediblər ki, layihə Azərbaycanda təhsil müəssisələrində təlim və tədrisdə mükəmməllik modelini qurmaqla müəyyən edilmiş ehtiyaclara xidmət edəcəkdir. Diqqətə çatdırılıb ki, mərkəzin fəaliyyətinə 3 otaq ayrılıb və bu otaqlarda dəyəri 24 min 800 avro məbləğində olan avadanlıqlar quraşdırılıb. Sonda layihə iştirakçılarına sertifikatlar verilib.
Qeyd edək ki, yekunu Naxçıvan Dövlət Universitetində baş tutan layihədə İspaniyanın Valensiya Politexnik Universitetindən Elena de la Poza da iştirak edib. Azərbaycan ali məktəblərindən - Azərbaycan, Xəzər, Pedaqoji, Bakı Slavyan, Azərbaycan Dillər, Gəncə, Sumqayıt Dövlət Universitetlərinin də nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olublar. Qonaqlara Universitetin maddi-texniki bazası, mövcud imkanları barədə məlumat verilib. Sonra qonaqlar ali təhsil ocağının fakültələrini gəzib, İKT, Media, Distant Təlim, Koreya Mərkəzində olublar.
Qonaqlar həmçinin muxtar respublikanın turizm potensiallı yerlərini-Duzdağ Fizioterapiya mərkəzini, Xan sarayını, Açıq səma altında muzeyini, Naxçıvan Biznes Mərkəzini, Möminə xatun məqbərəsini, Əshabi-Kəhf dini ziyarətgahını da ziyarət ediblər.
3 gün davam edən tədbir sonunda layihənin əməkdaşlarına universiterin sertifikatı təqdim olunub.
Səadət Əliyeva