“AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı” mövcud elmi-texniki potensialın qorunması, inkişaf etdirilməsi, elmin təşkili və idarə olunması, yüksəkixtisaslı kadrlar hazırlanması, elmi tədqiqatların prioritetlərinin ölkənin sosial-iqtisadi, mədəni-ictimai problemlərinin həllinə yönəldilməsi məqsədlərini daşıyır. Elmlə təhsilin inteqrasiyası, elmin normativ hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi də proqram çərçivəsində nəzərdə tutulan tədbirlər sırasındadır.
NUHÇIXAN xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında səsləndirilib.
İclasda AMEA-nın akademik-katibi Əminağa Sadıqov proqramın icrası ilə bağlı tədbirlər planı barədə məlumat verib. Müzakirələrdən sonra tədbirlər planı təsdiqlənib.
Xatırladaq ki, inkişaf proqramı AMEA Rəyasət Heyətinin 2019-cu il 28 dekabr tarixli qərarı ilə təsdiq edilib.