Meteoroloji göstəricilər qış fəslinin faktiki olaraq fevral ayında bitdiyi fikrini söyləməyə əsas verir
Elmi araşdırmalar göstərir ki, bu il qış fəslində qeydə alınmış temperatur əvvəlki illərlə müqayisədə ən yüksək həddə olub.
NUHÇIXAN Kopernikus İqlim Dəyişikliyi Xidmətinə istinadla xəbər verir ki, 2019-cu ilin dekabr və 2020-ci ilin fevral aylarındakı orta temperatur müvafiq aylar üzrə 1981-ci ildən 2010-cu ilə qədərki göstəricilərlə müqayisədə 3,4 dərəcə yüksəkdir. Son rekord göstərici 2015-ci ilin dekabr və 2016-cı ilin fevral aylarında qeydə alınıb. Ancaq builki göstərici həmin dövrlə müqayisədə daha 1,4 dərəcə artıqdır.
İstiləşmənin bu həddi meteorologiya və astronomologiya sahəsində də dəyişikliklərə səbəb olur. Qış fəslinin son gününün təqvim üzrə mart ayının 20-si hesab olunmasına baxmayaraq araşdırmalar göstərir ki, meteoroloji göstəricilər qış fəslinin faktiki olaraq fevral ayında bitdiyi fikrini söyləməyə əsas verir. Qitənin şimal və şərq bölgələrində, xüsusən də Sibir və Mərkəzi Asiya bölgələrində istiləşmədə artım daha kəskin şəkildə qeydə alınıb.