AMEA Rəyasət Heyətində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Martın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbiri açan AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli iştirakçıları AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev adından salamlayaraq təbrik edib.
Akademik İsa Həbibbəyli qadınların ölkəmizin ictimai-siyasi həyatında rolundan danışaraq, ilk növbədə, demokratik cəmiyyətin inkişafının təminatçısı olan qadınların dövlət idarəçiliyindən tutmuş ölkənin mədəni, pedaqoji, elmi həyatında öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini vurğulayıb.
Ölkəmizin müstəqillik illərində ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin bir hissəsi olan qadın probleminin həllinin özünəməxsus yer tutduğunu deyən akademik Azərbaycanda qadın cəmiyyətlərinin inkişafı istiqamətində mühüm işlər görüldüyünü qeyd edib. Bildirilib ki, Milli Məclisdə qadınların öncül mövqelərdə təmsil olunması, habelə respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın gördüyü işlər Azərbaycan qadınını dünyada tanıtmaqla yanaşı, ona olan yüksək ehtiramı ifadə edir.
Sonra akademiyanın Qadınlar Şurasının sədri, fəlsəfə üzrə elmlər doktoru Rəna Mirzəzadə və Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru Habil Qurbanov çıxış edərək bayram münasibətilə AMEA-da çalışan bütün qadınları təbrik ediblər. Çıxış edənlər akademiyanın institut və təşkilatlarında çalışan xanımlar üçün yaradılan şəraitə və onlara göstərilən diqqət və qayğıya görə akademiyanın rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda akademiyanın elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə seçilən bir qrup qabaqcıl qadın əməkdaşa AMEA-nın prezidentinin, birinci vitse-prezidentlərinin və Azad Həmkarlar İttifaqının fəxri fərmanları təqdim olunub.