Muxtar respublikanın prokurorluq orqanlarında vakant vəzifələrin tutulması üçün test imtahanı keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında vakant  vəzifələrin tutulması üçün elan edilən müsabiqənin test imtahanı mərhələsi keçirilib.

Müsabiqəyə çıxarılan 8 vakant vəzifənin tutulması üçün 28 nəfər sənəd təqdim edib. Test imtahanında 27 namizəd iştirak edib, 19 nəfər müvafiq keçid balını toplayıb. İmtahanda namizədlərə ixtisas üzrə 80, məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla 100 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün 3 saat vaxt verilib. İxtisas sahəsi üzrə suallar 1 balla, məntiqi nəticə çıxarma qabiliyyətini yoxlayan suallar isə 0,5 balla qiymətləndirilib. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun müraciətinə əsasən, namizədlərə ixtisas suallarının 50%-i asan (40 sual), 35%-i orta (28 sual) və 15%-i çətin (12 sual) səviyyədə təqdim olunub.

Qanunvericiliyə uyğun olaraq, test imtahanında müvafiq keçid balını (70 və daha çox) toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıblar.

Qeyd edək ki, prokurorluq orqanlarında işə qəbul mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə keçirilir. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. İmtahan bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim edilib. Test imtahanının nəticələri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.

Test imtahanında Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları müşahidəçi kimi iştirak ediblər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: