Gərgin ictimai-siyasi, iqtisadi vəziyyəti, ziddiyyətlərilə seçilən XX əsrdə Naxçıvan ədəbi mühitinin Azərbaycan ədəbiyyatı və mədəniyyətinə bəxş etdiyi milli və bəşəri dəyərlərə malik ədəbi şəxsiyyətlərdən söz düşəndə Şərqdə satirik publisistikanın əsasını qoyan Cəlil Məmmədquluzadənin (1869-1932), onun ədəbi cərəyan formalaşdırmış “Molla Nəsrəddin” jurnalının və bu jurnalın ən fəal, mübariz əməkdaşlarından olan Əliqulu Qəmküsarın adı ilk növbədə yada düşür. Əliqulu Nəcəfov (1880-1919) öz adını və imzasını mollanəsrəddinçi şairlər sırasına qanıyla yazdıraraq əbədiyaşarlıq qazanıb, dini xurafatla amansız mübarizə aparıbdır. Onu susdurmağa çalışanlara meydan oxuyan bu cəsarətli şairin ölüm xəbəri o zaman ədəbi ictimaiyyət tərəfindən sonsuz kədər və hiddətlə qarşılandı. Görkəmli Azərbaycan ədibi Əbdürrəhim bəy Haqverdiyev bu hadisədən doğan böyük təəssüfünü belə ifadə edib: “Əliqulu Nəcəfzadəyə dəyən güllə “Molla Nəsrəddin”in ürəyinə dəydi. Ona mən “Molla Nəsrəddin” məcmuəsinin ürəyi adı qoymaqda səhv etmirəm və cürətlə də bu sözü deyirəm”. Mirzə Cəlilin də ən yaxın dostu azadlıq və həqiqət carçısı Qəmküsar haqqındakı məqalələri onun xaincəsinə qətlinin beş və on illiyi münasibətilə yazılıb. 1924-cü ildə “Kommunist” qəzetində çap olunmuş “Əliqulu Nəcəfov” adlı məqalə “qəzetdə yer olmadığı səbəbdən” qısa, lakonik, lakin çox mənalı və təsirli yazılıb. Keçmiş günləri, “əziz yoldaşları” Sabiri və Qəmküsarı yada salıb qəlbinin dərinliyində qəmgin olan böyük ədib millətin halına ürəkdən yanan belə nadir şairlərin vaxtsız bu dünyadan köçməyinə təəssüf edir: “Təəssüflər edirəm ki, Əliqulu Qəmküsar kimi həqiqi və ləzzətli əhli-qələm və şairimiz bu dünyadan vaxtsız getdi və məcmuəni öz köməyindən məhrum qoydu”. Vəfatının on illiyi münasibətilə yazdığı “Əliqulu Qəmküsar” məqaləsində şairin “Molla Nəsrəddin” də iştirakı, burada dərc olunan mənzum və mənsur əsərləri, 1912-ci ildən jurnalla daha sıx əməkdaşlıq üçün Tiflisə köçməyi haqqında ətraflı məlumat verilmişdir. Şairin dillər əzbəri olan “Sinəzən”, “Bu qədər ifadələnmə, sənə yoxdu bab, varlı” misralı satiralarından nümunələr gətirərək ümumilikdə Qəmküsar yaradıcılığını yüksək qiymətləndirib. “Molla Nəsrəddin”də iştirak edən şairlər cərgəsində Cüvəllağı yoldaşımız fikir açıqlığı və dini mövhumata qarşı şiddətli tənqid və çıxışları ilə hətta Sabiri də qabaqlamışdı”. O, din xadimlərinə qarşı ən sərt, barışmaz mövqe tutduğundan onlara öldürücü zərbə endirən ən kəskin xarakterli əsərlərilə, “döyüşkən yaradıcılığı” ilə seçilirdi. Professor Firudin Hüseynov bu barədə yazır: “İrtica illərində kəskin satiralar yazan Əliqulu Qəmküsarı nəzərdə tutaraq jurnal onu ehtiyatlı olmağa çağırır və yazırdı: Culfada “O taylı” imzası ilə yazana: “Elə şeyləri indiki vaxt yaza bilmərik”. Onun şeirləri bəzən ictimai həcv, “tənəli tərif və ya tənəli nəsihət” xarakteri daşıyırdı. Bəzi ədəbiyyatşünaslar bunu satiranın zəifləməsi hesab edib. Onun “Varlı” sərlövhəli şeirindən bəhs edərkən professor Mir Cəlal Paşayev yazır: “Şair gülüş vasitələrinə müraciət etmədən öz fikrini doğrudan-doğruya, bilavasitə söyləyir... Xoşbəxtlikdən, müəllifin belə şeirləri çox deyildir”. Mirzə Cəlil də dəfələrlə bu barədə Qəmküsara məsləhətlər verib. Jurnalın 1909-cu il 49-cu nömrəsinə fikir verək: “Culfada Qəmküsar cənablarına- yazdığınız şeirlər çox gözəl. Lakin heyf ki, “Molla Nəsrəddin” sayağı yazmayıbsınız, çox ciddidir”. Sonralar Mirzə Cəlil belə nəticəyə gəlib ki, fikri açıq, birbaşa söyləmək Qəmküsarın fərdi üslubunu müəyyənləşdirən bir xüsusiyyət kimi qəbul olunmalıdır.
Yalançı və riyakar din xadimlərinin tənqid və ifşası həm Mirzə Cəlil, həm də Qəmküsarın şeir yaradıcılığının əsas mövzusudur. Hər iki şair cəhalət və mövhumatı, xurafatı yayan ruhanilərə qarşı mübarizəyə xalqın mənəvi qurtuluş yolu kimi baxırdı. Mirzə Cəlilin Şeyx Nəsrullahı hiyləgər və əxlaqsız din xadimlərinə sarsıdıcı zərbə endirmişdisə, burada səhnədə həmin rolu çox böyük məharətlə oynayan Qəmküsarın da mühüm rolu olub. O zamankı ədəbi tənqid və müasirləri onun bu rolda çox böyük ustalıqla çıxış etdiyini qeyd edir. İskəndər rolunun ifaçısı Mirzəağa Əliyevin xatirələrində deyilir: “Qəmküsar ruhaniləri hərtərəfli tanıdığı, onlara yaxşıca bələd olduğu üçün Şeyx Nəsrullah rolunu fövqəladə bir məharətlə oynayırdı. O, həm səhnədə, həm yaradıcılığında, həm də həyatda ruhanilərin qənimi idi”. Onu “Molla Nəsrəddin” məcmuəsinin bülbülü, müsəlman səhnəsinin gülü” adlandıranlar heç də yanılmırdılar. Qəmküsarın “Axund”, “Sinəzən”, “Şpyon axundlara”, “Gülməsin”, “Başa gəlməz”, “Sür ömrünü, çək ləzzətini, can ələ düşməz” şeirlərilə Cəlil Məmmədquluzadənin şeirləri həm mövzu, ideya və qayə, həm də üslub baxımından bir-birinə çox yaxındır. “Lisan bəlası” şeirində Mirzə Cəlilin qamçıladığı ətalət və qəflət rəmzi olan səbr etmək, zülmə dözmək və etiraz etməmək, susmaq fəlsəfəsi Qəmküsarın ”Millətinin halı pərişan ola” misrası ilə başlayan satirik şeirinin də əsas tənqid hədəfidir:
Millətinin halı pərişan ola,
Hər bir işi nifrətə şayan ola,
Cahil ola, vəhşi və nadan ola,
Qəm yemə, səbr et, bu da, yahu keçər.
Vaizimiz söyləyə minbərdə gər,
Beri-ələm, möcüzi-şəqqülqəmər,
Zəfəri-Çindən sənə versə xəbər,
Sakitü-lal ol, bu da, yahu keçər.
Qəmküsarın “Dindar olanın halı pərişan gərək olsun” misralı satirasında müsəlman dininin, şiə təriqətinin, onun müqəddəslərinin, demək olar ki, bütün qüsurlarından bəhs olunub.
Mirzə Cəlil və Əliqulu Qəmküsarın şeir yaradıcılığından danışarkən mübariz və cəsarətli şair “Cüvəllağı”nın bilavasitə “ədəbi dövrün başçısına” satirik müraciət formasında yazılan şeirlərinin təhlilinə yer ayırmaq da lazım gəlir. “Dolaşma” şeiri satirik “Molla Nəsrəddin” jurnalının proqramındakı bütün mövzuları əks etdirən poetik salnamə hesab oluna bilər. Zahirən “Molla dayı”ya şeyxə, qazıya, “sahibi-iymanə”, Qubalı “hacı baba”ya, pirlərə, vaiz, bəy, xan, ağalara, şah və sultana dolaşmamağı məsləhət görən şair özü onları daha kəskin tənqid edir. Cəmi bir beytlə şair istənilən hədəfə öldürücü zərbə endirməyə nail olur:
Gər hacı baba darmadağın qılsa Qubanı
Baş qoşma, o cür alimi-zişanə dolaşma.
Və yaxud:
Şeyxin təri, ya çirki şəfa oldusa xalqa,
Gülmə belə ecazə, bu dərmanə dolaşma.
Beləliklə, aydın olur ki, Azərbaycan ədəbiyyatşünaslığı Əliqulu Qəmküsarı həmişə “Sabir şeir məktəbinin görkəmli davamçılarından biri kimi” tanısa da, əslində onun şeirləri dil və üslub baxımından Mirzə Cəlilin şeir yaradıcılığına daha yaxındır. Bir-birinə maddi və mənəvi dayaq, kömək olan iki ən yaxın dost digər mütərəqqi fikirli Azərbaycan ziyalıları ilə vahid bir cəbhədə birləşərək dini fanatizmə, cəhalət və xurafata, istismar və istibdada qarşı fəal və ardıcıl mübarizə apararaq, vətənimizin müstəqilliyi, rifahı, işıqlı gələcəyi naminə əllərindən gələni ediblər. Məhz bu səbəbdən də repressiyanın ilk qurbanlarından olan Firudin bəy Köçərlidən bir il əvvəl 39 yaşında Əliqulu Qəmküsar qətlə yetirilib. Doğrudur , sovet hakimiyyəti illərində Mirzə Cəlilə soyuq münasibət bəslənilib. Lakin nə qədər ki, Azərbaycan xalqı yaşayır, onun azadlıq mücahidlərinin adları, Mirzə Cəlilin sözlərilə desək, həmişə “zindəbad!” (Yaşasın!) alqışları ilə yad olunacaqdır.
Aygün ORUCOVA
AMEA-nın Naxçıvan Bölməsi, filologiya üzrə fəlsəfə doktoru, dosent