Nəriman Nərimanov irsinə layiqli töhfə: “Türk Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” Ankarada çap edilib
Azərbaycan ictimai fikir tarixində görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun özünəməxsus yeri vardır. O, inqilabçı, həkim, pedaqoq Azərbaycan maarifçiyinin ən görkəmli nümayəndələrindən biri kimi savadsızlığa, xurafat və cəhalətə qarşı yorulmadan mübarizə aparıb. Bu baxımdan N.Nərimanov böyük maarifçi, realist dramaturgiyamızın banisi M.F.Axundzadə ənənələrinin ardıcıl davamçısı olub. Vətənpərvər ziyalı dövrün ən tanınmış təhsil ocağı olan Qori müəllimlər seminariyasının məzunu kimi 1890-cı ildə müəllimlik fəaliyyətinə başlayıb, 1896-cı ildən Bakı şəhərində oğlanlar gimnaziyasında işə qəbul olunub. O dövrdə çar Rusiyasının müstəmləkəçilik siyasəti milli dil və mədəniyyətlərin inkişafının qarşısını çox sərt şəkildə alınır, maarif müəssisələrində Azərbaycan dilinin tədrisi sıxışdırılırdı. Doğma dilimizə aid dərslik, dərs vəsaitləri yox dərəcəsində idi, dərs prosesində müəllimlər çətinliklərlə üzləşirdilər. Bu problemlər böyük maarifçimizi ciddi şəkildə düşündürürdü. Ona görə də N.Nərimanov bir ildə üç kitab nəşr etdirməklə bu çətinlikləri aradan qaldırmaq üçün 1899-cu ildə - XIX əsrin son ilində üç dərs vəsaiti hazırladı .
Nərimanovun hazırladığı və 53 səhifədən ibarət olan “Türk Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” dərsliyi öz dövrü üçün Azərbaycan dilinin öyrədilməsi və öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edirdi. Kitabın 4 səhifəsi girişdən ibarətdir. Bu hissədə müəllif dil və əlifba münasibətlərindən bəhs edir. Ərəb əlifbasının Azərbaycan dilinin səs quruluşunu düzgün ifadə edə bilmədiyini vurğulayan müəllif bu dildə ərəbcədən fərqli olaraq məsələn, (s) səsinin bir hərfi işarəsi olmalıdır deyə göstərir. Fikrinə davam edən müəllif deyir ki, Azərbaycan yazısını çətinləşdirən faktorlardan biri ərəb əlifbasındakı bir danışıq səsinin bir neçə hərfi işarəsinin mexaniki şəkildə tətbiq edilməsidir. Bu qayda ərəb dilinin fonetikası üçün məqbul olsa da, Azərbaycan dilinin yazı sistemi,orfoqrafiyası üçün böyük çətinliklər yaradırdı. Bu çətinlikləri təcrübədə, tədris prosesində əyani şəkildə müşahidə edən müəllif yazır: ”Bu vaxtadək Türk–Azərbaycan dilində bir qayda olmadığına görə hər kəs nə tür istəyir yazır”.
N.Nərimanovun dərsliyi iki hissədən ibarətdir:Sərf və Nəhv.
Müəllif sərf termini ilə indiki fonetika və qrammatika bölmələrini nəzərdə tutub. Bu terminlərlə yanaşı o, etimologiya və sintaksis terminlərindən də istifadə edib. Fonetika və morfologiyanın etimologiya termini ilə ifadə olunması ənənəsi Mirzə Kazım bəydən gəlməkdədir. Kazımbəy də məşhur qrammatikasında morfologiya mənasında etimologiya terminindən istifadə edib. N.Nərimanov morfoloji kateqoriyaları Osmanlı qrammatikalarındakı qaydalara uyğun şəkildə verilib. Nitq hissələrindən ətraflı bəhs edən müəllif o dövrün ənənəsinə uyğun olaraq daha çox isim və feillər üzərində dayanaraq bu əsas nitq hissələrinin leksik-qrammatik xüsusiyyətlərini ətraflı şəkildə nümunələrlə şərh edib. Müəllif Osmanlı qrammatikalarında olduğu kimi, sifət və saylardan ayrıca bəhs etməyərək onları isimlərin içərisində verib.Müasir dilçiliyimizdən fərqli olaraq müəllif qoşmalardan ədavat adı ilə, nişanlar başlığı altında isə durğu işarələrindən bəhs edir N.Nərimanov kitabın sonunda “Təhlil” başlığı altında qrammatik təhlil haqqında belə yazır: ”Dildə çap olunan mətləbləri, hekayələri və şeirləri müəllim gərəkdir, hər qaidəni şagirdlərə bəyan edəndən sonra əzbər yazdırıb təhlil edələr”. O eyni zamanda seçdiyi mətnlərdəki dil vahidlərinin qrammatik təhlil edilməsinə aid bir neçə nümunə də verib.
Onu da qeyd etmək lazımdır ki, bu ilin aprel ayında böyük sənət fədaisinin anadan olmasının 150 ili tamam olur. Ölkə prezidenti İlham Əliyevin 14 fevral 2020-ci ildə bu münasibətlə imzaladığı Sərəncamda da qeyd edildiyi kimi, bu görkəmli yazıçı və dövlət xadiminin ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçib. Nəriman Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə edib. O, keçmişimizin mədəni sərvətlərinin mühafizəsinə, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirib, elmin, maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışıb.
Qardaş Türkiyədə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, musiqisinə həmişə böyük maraq olub. Müstəqilliyimizə qovuşduqdan sonrakı illərdə bu ölkə universitetlərində Azərbaycan dilinin də daxil edildiyi “Çağdaş türk ləhcələri” fakültələri fəaliyyət göstərməyə başlayıb. Təqdirəlayiq haldır ki, Qars şəhərindəki Qafqaz universitetinin Fənn-ədəbiyyat fakültəsində bölüm başkanı dosent İlkin Qulusoy bu yaxınlarda görkəmli dövlət xadimi Nəriman Nərimanovun AMEA Füzuli adına Əlyazmalar İnstitutunun fondunda qorunan 1899-cu ildə işıq üzü görən “Türk Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” kitabını Ankarada “Sonçağ” nəşriyyatında nəfis şəkildə çap etdirib.
Bu baxımdan Qafqaz universitetinin dosenti İlkin Qulusoyun hazırlayıb qardaş Türkiyə respublikasının paytaxtı Ankara şəhərində nəşr etdirdiyi “Türk-Azərbaycan dilinin sərf-nəhvi” kitabı yubiley ərəfəsində nərimanovşunaslığa layiqli töhfədir.
Əbülfəz Quliyev
AMEA-nın müxbir üzvü