NUHÇIXAN xəbər verir ki, bu barədə Sərəncamı Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev martın 7-də imzalayıb.
Sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikasında yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə:
1.2020-ci il martın 10-dan 20-dək Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılsın və bununla bağlı bütün tədbirlər təxirə salınsın.
2.Aidiyyəti dövlət orqanları və qurumları bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı digər qabaqlayıcı tədbirlərin davam etdirilməsini təmin etsinlər.
3.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.
***
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, ölkənin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da dərslər martın 27-dək təxirə salınıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.