Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, vakant yerlər Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasında aparıcı elmi işçi (1 yer), elmi işçi (1 yer), Molekulyar və hüceyrə biokimyası laboratoriyasının müdiri (1 yer), Ekoloji biofizika laboratoriyasında aparıcı elmi işçi (1 yer), böyük elmi işçi (1 yer), elmi işçi (1 yer) vəzifələrinədir.
Müsabiqədə iştirak etmək istəyən iddiaçılar bu sənədləri təqdim etməlidir: ərizə, şəxsiyyət vəsiqəsinin surəti, kadrların şəxsi uçot vərəqi, tərcümeyi-hal, 3x4 ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçasının müvafiq qaydada təsdiq olunmuş surəti, magistratura və ona bərabər tutulan ali təhsil haqqında sənədin müvafiq qaydada təsdiq olunmuş surəti, elmi dərəcə, elmi ad və elmi rütbə haqqında sənədlərin surətləri (aparıcı elmi işçi vəzifəsinə iddiaçılar üçün mütləqdir), elmi nailiyyətlərinə görə dövlət və beynəlxalq elmi təşkilatlar tərəfindən verilən fəxri ad və titullar haqqında məlumat, yerinə yetirilmiş elmi tədqiqat və təcrübi-axtarış işləri, həmçinin elmi və elmi texniki layihə, müsabiqə, qrant və proqramlarda iştirak haqqında məlumat, müəlliflik hüququ və ya patent ilə qorunan əqli mülkiyyət obyektlərinin qeydiyyatı haqqında şəhadətnamələrin surətləri, çap olunmuş elmi əsərlərin, xüsusi təsir göstəricisinə (impakt faktoruna) malik və istinad indeksli elmi jurnallarda dərc olunan elmi məqalələrin surətləri (üz səhifəsi və mündəricatla bir yerdə), fəaliyyət göstərdiyi elm sahəsi üzrə yüksək elmi nüfuzu olan mütəxəssis rəyi, elmi jurnalların redaksiya heyətlərində üzvlük haqqında məlumat.
Müsabiqədə fəlsəfə və elmlər doktorları, iş təcrübəsi olan ixtisaslı mütəxəssislər iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq bir ay müddətində elmi katibliyə təqdim edilməlidir.
Ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 117, II mərtəbə, 209-cu otaq. Telefon: (+994 12) 432 61 14, E-poçt: [email protected].