Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin müsahibə mərhələsi başa çatıb
Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 18 sentyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsi 20 fevral–6 mart 2020-ci il tarixlərdə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, müsahibə zamanı namizədə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, peşə hazırlığına və dünyagörüşünə uyğun suallar verilib. Bu mərhələdə obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə qrupunun tərkibində müstəqil ekspertlər, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və dövlət orqanlarının nümayəndələri iştirak edib, müsahibə prosesinin videoçəkilişi aparılıb. Müsahibənin nəticələri haqqında məlumatlar gündəlik olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında yerləşdirilib.
Qeyd edək ki, müsahibə mərhələsində 213 namizəd iştirak edib və 62 nəfər uğur qazanıb. Həmin şəxslərin sənədləri vakant vəzifələrə təyin olunmaq üçün dövlət orqanlarına göndərilib. Namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (203 nəfər), Dövlət Statistika Komitəsi (95 nəfər), Təhsil Nazirliyi (67 nəfər) və Maliyyə Nazirliyi (37 nəfər) üstünlük təşkil edir.