Xurşidbanu Natəvanın xarici ölkələrdə ucaldılmış abidələri haqqında “Vikipediya”da məqalələr yaradılıb - FOTOLAR
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, qədim abidələri və memarlıq nümunələri haqqında məqalə yaradılması prosesi davam edir.
MEK-dən NUHÇIXAN-a bildirilib ki, doğma dilimizdəki “Vikipediya”da XIX əsr Azərbaycan şairəsi Xurşidbanu Natəvanın Belçikanın Vaterlo və Fransanın Evian-le-Bən şəhərlərində ucaldılmış abidələri haqqında məqalələr yaradılıb.
Hər iki məqalədə Xurşidbanu Natəvanın şəxsiyyəti, nəsli, həmçinin şairənin xarici ölkələrdə qoyulan abidələrinin açılış mərasimləri haqqında ətraflı məlumat verilir. Natəvanın Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı olması vurğulanır.
Qeyd olunur ki, Azərbaycanın İsmayıllı və Fransanın Evian-le-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində 2017-ci ildə Leman gölü sahilində “Azərbaycan parkı”nın rəsmi açılışı olub. Bununla yanaşı, parkda “Dostluq” bulağı və Xurşidbanu Natəvanın heykəlinin də açılış mərasimi olub. Heykəlin müəllifləri Xalq rəssamı Səlhab Məmmədov və Əli İbadullayevdir.
2016-cı il fevralın 18-də Belçika Krallığının Vaterlo şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilib. Şəhərin mərkəzi parkında qoyulan heykəlin postamentində “Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan” sözləri yazılıb. Heykəl Azərbaycanın Xalq rəssamı Tahir Salahovun rəhbərliyi ilə heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb.