Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin yaradılması və fəaliyyət istiqamətləri ilə bağlı müşavirə keçirilib.
AMEA-dan NUHÇIXAN-a bildirilib ki, Prezident İlham Əliyevin siyasi-ideoloji çağırışlarının işığında yeni yaradılmış mərkəzin əhəmiyyətindən danışan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müşavirənin məqsədindən söz açıb. Bildirib ki, azərbaycançılığın müstəqil Azərbaycan dövlətinin ideya əsasını təşkil etməsi, onun bütün dünya azərbaycanlılarının birlik və həmrəylik ideologiyasına çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Azərbaycançılıq ideologiyasında xalqımızın milli maraqlarının və dövlətçilik mənafeyinin əks olunduğunu və böyük tarixi əhəmiyyətə malik olduğunu bildirən akademik Ramiz Mehdiyev milli maraqlara cavab verən azərbaycançılıq məfkurəsinin dilimizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin yaşadılmasına, eləcə də gənc nəslin bu məfkurə əsasında tərbiyə olunmasına xidmət göstərdiyini xüsusi vurğulayıb.
İdeya və ideologiyanın xalqların, cəmiyyətlərin həyatında öz spesifik xüsusiyyəti və mahiyyəti etibarilə bir-birindən fərqləndiyini deyən akademik Ramiz Mehdiyev azərbaycançılıqla bağlı yazılan kitab və məqalələrdə, o cümlədən mediada səsləndirilən fikirlərdə müxtəlif yanaşmaların olduğunu bildirib. Akademiya rəhbəri bu məfkurənin elmi cəhətdən araşdırılması üçün AMEA-nın tərkibində ictimai əsaslarla yaradılan yeni mərkəzdə azərbaycançılıq ideologiyasının siyasi, tarixi, fəlsəfi və ədəbi baxımdan öyrənilməsinin, bu sahədə tədqiqat və təbliğat işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıb.
Müşavirədə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli akademiyada belə bir mərkəzin yaradılmasını mühüm elmi-tarixi hadisə kimi səciyyələndirib. Elmi-İdeoloji Mərkəzin qarşısında xalqımızın çoxəsrlik milli dövlətçilik ənənələrinin, azərbaycançılıq ideyasının idealdan ideologiyaya qədərki formalaşma, inkişaf proseslərini tədqiq və təbliğ etmək kimi vacib məsələlərin dayandığını bildirib. Akademik müstəqil dövlət ideologiyasının araşdırılmasında akademiyanın Humanitar və İctimai Elmlər bölmələrinin alimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Ölkə elmində, xüsusən də Milli Elmlər Akademiyasında azərbaycançılıqla əlaqədar aparılmış tədqiqatların sistemli xarakter daşımadığı və konseptual tədqiqatlara ciddi ehtiyac duyulduğu nəzərə çatdırılıb.
Sonra çıxış edən Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru Nazim İmanov, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, fəlsəfə elmləri doktorları Rəfiqə Əzimova, Faiq Ələkbərli, tarix elmləri doktoru Eynulla Mədətli və digərləri yeni qurumun elmi-tarixi əhəmiyyətindən ətraflı bəhs edərək azərbaycançılıq konsepsiyasının tarixi köklərinin, elmi-ideoloji əsaslarının öyrənilməsi və təbliği, Azərbaycan xalqının çoxəsrlik milli dövlətçilik ənənələrinin tədqiqi və ümumiləşdirilməsi, azərbaycançılıq anlayışının elmi-nəzəri şərhi və vəzifələrin müəyyən olunması istiqamətində mülahizələrini və təkliflərini səsləndiriblər.
Tədbirin sonunda AMEA Rəyasət Heyətinin nəzdində yaradılmış Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi tərəfindən “Azərbaycançılıq idealı: ideyadan ideologiyaya” mövzusunda elmi konfransın təşkili, “Azərbaycançılıq: mənşəyi, formalaşma prosesləri və milli dövlətçilik ideologiyasına çevrilməsi” mövzusunda monoqrafiyanın hazırlanması və nəşri, dövri mətbuatda və elmi nəşrlərdə azərbaycançılıq məsələlərinə həsr edilmiş məqalələrin hazırlanıb çap edilməsi, “Azərbaycançılıq: tarixdə və müasir dövrdə” adlı seminarların mütəmadi olaraq keçirilməsi qərara alınıb.
Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, sədr müavini AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylidir.