Koronavirus (COVID - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Nazirlər Kabinetinin Sərəncamına əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınıb. Məktəblərin müvəqqəti bağlanmasına görə onlayn tədris üsulu həyata keçirilir. Martın 11-dən başlayaraq həftənin 5 günü saat 10-dan 16-dək Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib.
AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutundan (NKPİ) NUHÇIXAN-a bildirilib ki, müəllimlər və şagirdlər, həmçinin elmi müəssisənin 2015-ci ildən fəaliyyət göstərən “nkpi.az” veb-saytının “Maraqlı məlumatlar” bölməsindəki “Müəllim və şagirdlər üçün məlumatlar” başlığı altında “Kimya dərsləri”, “Kimyadan məsələlər”, “Məsləhətlər” rubrikalarından faydalana bilərlər. Bölmədə, eyni zamanda, kimyadan maraqlı məsələlər, olimpiada məsələləri həlli ilə birgə verilib.
Qeyd edək ki, “nkpi.az” bütövlükdə maarifləndirici saytdır və oradan digər fənlərə aid də maraqlı məlumatlar oxumaq olar.