Beynəlxalq Riyaziyyat Birliyi dünya əhalisinin həll etməyə çalışdığı qlobal məsələlərin – iqlim dəyişikliyi, bioloji müxtəlifliyin itirilməsinin qarşısının alınması, dünya əhalisinin sayının durmadan artması fonunda ərzaq ehtiyaclarının proqnozlaşdırılması, dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında riyaziyyatın verdiyi töhfələri nəzərə alaraq, Beynəlxalq Riyaziyyat Gününün keçirilməsi təşəbbüsü ilə UNESCO-ya müraciət edib.
AMEA-dan NUHÇIXAN-a bildirilib ki, UNESCO Baş Assambleyasının 2019-cu il noyabrın 26-da Fransanın paytaxtı Parisdə keçirilən 40-cı sessiyasında hər il martın 14-də Beynəlxalq Riyaziyyat Gününün qeyd olunması barədə qərar qəbul edilib.
UNESCO üzv dövlətləri, eləcə də hökumətlərarası və qeyri-hökumət təşkilatlarını, elmi tədqiqat mərkəzlərini, vətəndaş cəmiyyəti təşkilatlarını, universitetləri və s. bu günü qeyd etməyə, Beynəlxalq Riyaziyyat Gününün verdiyi imkanlardan istifadə edərək üzv dövlətlərdə riyaziyyatın potensialının gücləndirilməsi məqsədilə innovativ layihələr həyata keçirməyə səsləyib.
Beynəlxalq Riyaziyyat Birliyinin, eyni zamanda, bu qurumun “Beynəlxalq Riyaziyyat Günü layihəsi”nin idarə heyətinin üzvü, türkiyəli professor Betül Tanbayın fikrincə, adıçəkilən beynəlxalq tədbirin əsas məqsədi bütün elmlərin açarı olan riyaziyyatın həyatımızda tutduğu önəmli yeri dünya ictimaiyyətinə çatdırmaq və onun müasir elmin inkişafında göstərdiyi əvəzolunmaz xidmətləri təbliğ etməkdir. “Bu il ilk dəfə rəsmi bayram kimi qeyd olunan bu əlamətdar tarix “Riyaziyyat hər yerdə” devizi altında keçiriləcək çoxsaylı tədbirlərlə yadda qalacaq”, – deyə alim bildirib.
Qeyd edək ki, bu il martın 14-ü şənbə gününə təsadüf etdiyi üçün, UNESCO-nun qərarı ilə Beynəlxalq Riyaziyyat Gününə həsr olunan tədbirlər martın 13-də keçirilir.