Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 21-də Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 64800 şagird (IX sinif üzrə 37029, XI sinif üzrə 27771) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, doqquzuncu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da başlanıb və 1 saat 30 dəqiqə ərzində aparılıb. On birinci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanıb və 2 saat 45 dəqiqə müddətində aparılıb.
İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib. Gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub.
İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində zəruri şərait yaradılıb.
İyunun 22-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələr yaxın günlərdə elan ediləcək.