İqtisad elmləri doktoru, professor Elşən Hacızadənin “Nobel iqtisadiyyatı” monoqrafiyası çapdan çıxıb. Bu barədə NUHÇIXAN-a AMEA-dan məlumat verilib.
Kitabın elmi məsləhətçisi Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə, rəyçiləri - professorlar Məhiş Əhmədov, Vahid Novruzov və iqtisad üzrə fəlsəfə doktoru, dosent Elşad Səmədzadədir.
“Elm” nəşriyyatında çapdan çıxan monoqrafiyada iqtisadiyyat üzrə Nobel mükafatının təsis edilməsi və onun laureatlarının ötən 50 il ərzindəki yaradıcı fəaliyyətləri, ümumilikdə iqtisad elmində yeni mərhələnin formalaşdırılması üçün zəmin yaradıldığı qeyd olunub. Kitabda predmetli təhlil və konseptual əsaslandırılmaqla Nobel mükafatı laureatlarının iqtisad elminin nəzəriyyələrinin məzmununu təkmilləşdirdiyi, onun yeni axın və istiqamətlərini formalaşdırdığı mərhələsinin “Nobel iqtisadiyyatı” adlandırılması şərtləndirilib. Bundan əlavə, tədqiqat işində “İqtisadiyyat üzrə Nobel mükafatı laureatları” ifadəsinin ilk dəfə olaraq “nobelçi iqtisadçılar” termini ilə əvəz olunması məqsədəuyğun hesab edilib.
Vəsaitdə, həmçinin Nobellər nəslinin şəcərəsi, onların Azərbaycandakı fəaliyyəti yeni araşdırmalar çərçivəsində təqdim olunub. Bakı nefti və neftçilərinin əməyinin Nobel mükafatı fondunun formalaşmasının əsas qaynaq mənbəyi kimi çıxış etməsi faktı bir daha əsaslandırılıb. Kitabda Nobel mükafatının xüsusiyyətləri xarakterizə olunaraq, bu sahədə tarixi gerçəkliyə çevrilən kuryoz və odioz hadisələr işıqlandırılıb. Nəşrdə nobelçi iqtisadçıların keçdiyi həyat yolu təhlil olunub, onların elmi kəşfləri və tədqiqat motivasiyası ilə iqtisad elminin tərəqqisi və modernləşdirilməsini, həyat keyfiyyətinin artımını, bilik iqtisadiyyatına keçidi sürətləndirən xidmətləri sistemləşdirilərək geniş elmi təqdimatda verilib.
Monoqrafiya iqtisadçılar, tələbə və doktorantlar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulur. Kitab Nobel mükafatı, Nobel iqtisadiyyatı və nobelçi iqtisadçılar haqqında biliklərin ensiklopedik əsasda aydınlaşdırılmasına, bu barədə peşəkar və ixtisaslı rəy yaradılmasına kömək edəcək.