Naxçıvan məktəblisi beynəlxalq yarışda birinci dərəcəli diplom və sertifikata layiq görülüb - FOTOLAR
Martın 17-də Rusiyanın Penza şəhərində “Elm və təhsil Beynəlxalq elmi əməkdaşlıq mərkəzi”ndə keçirilən “Müasir gənclərin elmi diskusiyası: aktual suallar, naliyyətlər və yeniliklər” XI Beynəlxalq elmi-praktik konfransının işinə yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, konfransda “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin IX sinif şagirdi İnci Nəsirlinin “Biləv alüminium süxurundan alüminiumun mühüm birləşmələrinin alınması” layihəsinin nəticələri müzakirə edilib və I dərəcəli diplom və sertifikatla təltif olunub.
İnci Nəsirli və onun elmi rəhbəri AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun “Mineral xammalın kimyası və texnologiyası laboratoriyası”nın müdiri Qorxmaz Hüseynovun məqaləsi konfransın materiallarında dərc edilib.
Qeyd edək ki, “Sabahın tədqiqatçıları” layihəsi AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.