AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində daha bir uğura imza atılıb. AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, Bölmənin Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının böyük elmi işçisi Surə Rəhimovanın rəhbərliyi ilə Naxçıvan şəhər 5 saylı tam orta məktəbin IX sinif şagirdi Zümrüd Babazadənin “Naxçıvan Muxtar Respublikası ərazisində yayılan Sarıçiçək, Böyürtkən və Yunanqozu bitkilərindən təbii boyaqların alınması” mövzusunda apardığı tədqiqat işi yekunlaşıb.
Layihənin icrası müddətində Sarıçiçək, Böyürtkən və Yunanqozu bitkilərindən təbii boyaq kimi istifadə oluna biləcək sarı, qırmızı və tünd qəhvəyi rəngli ekstraktlar müxtəlif həlledicilər tətbiq edilməklə alınıb. Alınan ekstraktlar qatılaşdırılıb və onların boyaq kimi istifadə imkanları araşdırılıb. Müəyyən edilib ki, alınan ekstraktlar yeyinti sənayesində, xalçaçılıqda və parçaların boyanmasında və s. tətbiq oluna bilər.
Qeyd edək ki, ötən il bölmə əməkdaşları tərəfindən Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərinin IX-XI sinfində təhsil alan 50 şagird Azərbaycan dili, tarix, fizika, kimya və biologiya üzrə fərdi və kollektiv şəkildə tədqiqatlar aparıblar.