AMEA Naxçıvan Bölməsinin ildə dörd dəfə çap olunan “Elmi əsərlər” jurnalının bu ilə olan ilk sayı işıq üzü görüb.
AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, ictimai və humanitar elmlər seriyasını əhatə edən nəşrdə Tarix və siyasət, Arxeologiya və Etnoqrafiya, Azərbaycan dili, Ədəbiyyat və Folklor, İncəsənət, İqtisadiyyat adlı bölmələrdə 45 müəllifin elmin müxtəlif sahələrində apardığı tədqiqatların nəticələri işıqlandırılıb.
Jurnalda “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində (1995-2020-ci illər), “Azərbaycanın ilk hərbiçi qadınları mixi yazılarda”, “Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı arxiv sənədlərində (1918-1920-ci illər)”, “Naxçıvanın Erkən və Orta Eneolit dövrü mədəniyyətinin Cənubi Qafqaz və Yaxın Şərqlə əlaqələri”, “Naxçıvan dialekt və şivələrinin öyrənilməsi məsələləri”, “Oğuznamələrdə tarixi-mifoloji mənəvi irs”, “Qədim Naxçıvanda dekorativ-tətbiqi sənətlərin təşəkkülü” və digər mövzularda məqalələr yer alıb.
Nəşrin Yubileylər bölməsində, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin 70 illik yubileyilə əlaqədar “Görkəmli türkoloq alim və pedaqoq” adlı yazı dərc olunub.