Alimlərin “ecazkar bitki”adlandırdıqları boymadərənin faydaları

A- A A+

Adi boymadərən çoxillik, ot bitkisi olub hündürlüyü 20-80 (120) santimetrdir, çılpaq və bir qədər uzunsovdur. Azərbaycanda ağ (bozumtul) və sarı boymadərən növlərinə daha çox rast gəlinsə də tibbdə ağ (bozumtul) boymadərən tətbiq olunur.

Avropa, Qafqaz, Qərbi və Şərqi Sibir, Uzaq Şərq və Orta Asiyada geniş yayılıb. Azərbaycanda Böyük Qafqazın şərq və qərb zonaları, Kiçik Qafqazın şimal, mərkəz, cənubu və Lənkəran dağlıq ərazilərində bitir. Naxçıvan Muxtar Respublikasının əsasən aşağı və orta dağlıq ərazilərində quru dərələrdə, çaybasar çəmənliklərdə, talalarda, yol kənarlarında, təzə salınmış meşə zolaqlarının ətraf ərazilərində və yaşayış məntəqələrinə yaxın yerlərdə  9 növü yayılıb.

Bitki çiçəkləmə fazasında (iyun və avqustun birinci yarısı) yarpaq və 15 sm uzunluğunda gövdələri, qalxanşəkilli çiçəkqrupu və 2 sm uzunluğunda səbətciyi kəsilməklə toplanılır. Kök və pöhrələrini qətiyyən qazaraq çıxarmaq olmaz. Bitkinin toplanıldığı sahələrin təkrar istismarı 1-2 ildən sonra mümkündür. Quru hava şəraitində toplanılmış xammalı qısa müddətdə qurutmağa çalışmaq lazımdır. Xammalın qurudulması havası yaxşı dəyişələn açıq çardaqlarda, kağız və ya parça üzərində sərməklə aparlır.

Otun və çiçəklərin tərkibində 0,8% efir yağı, başlıca komponent olan millefolid, xamazulin, acı maddə olan (axillin), aşı maddələr, K vitamani və flavonoidlər vardır. Yeraltı hissələrində və çiçəklərində flavanonlar, axıllein alkaloidi, kumarinlər, akonit turşusu, acı və aşı maddələr, qatran, üzvi turşular, inulin, asparagin, askorbin, mineral turşular, filloxinon, karotin və xolin vardır. Toxumların tərkibində 21% piyli yağlar, yarpaqlarının tərkibində 0,85% efir yağı, monoterpenoidlər 8-10% sineol, kamfora, tuyol, seskiterpenoidlər - axillin, kariofillin, azulen, mürəkkəb efirlər, L-borneol, β-pinen, L-limonen, tuyol və bornilasetat maddələrindən ibarətdir. Efir yağının tərkibində salisil, qarışqa, sirkə, izovalerian turşuları və K vitamini vardır.

Keyfiyyətli xammalı onun yarpaq və çiçəkləridir. Çiçəklərinin tərkibində efir yağı, mürəkkəb efir, azulen, tuyol, sineol, kamfora, kariofillen, qarışqa və izovalerian turşuları olur. Tərkibində eyni zamanda qatran, acı və aşı maddələr, vitaminlər, fitonsid və digər maddələr də olur. Bitkinin tərkibində ümummöhkəmləndirici, iltihabəleyhinə, antispastik, büzücü və yerli keyləşdirici maddələr vardır. Boymadərən qankəsici olduğundan ağciyər, bağırsaq, uşaqlıq, böyrək, burun qanaxmalarında, yanıq, trofik yara, xroniki furunkulyoz və dəri xəstəliklərinin müalicəsində istifadə edilir. Bitki və çiçəkləri qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyində, enterokolit, nefrit, spesifik olmayan kolit, mədə və bağırsağın spazmında çox yaxşı təsir edir. Boymadərən maddələr mübadiləsini normallaşdırır, hipertoniya, ateroskleroz və piylənmə zamanı əvəzedilməz bitkidir. Bu bitkinin qəbulu qanda trombositləri artırır. Tromboz zamanı qəbulu yolverilməzdir. Qanın laxtalanmasını artırdığından antiallergik xüsusiyyətinə görə diatez, ekzema, qızılyel və bronxial astma xəstəliklərində müvəffəqiyyətlə istifadə edilir. Nevrozlarda, süd vəzinin iltihabında, qıcolma və qusma hallarında olduqca faydalıdır. Boymadərənin tərkibindəki acı maddələr dəridə parazitlik edən mikroorqanizmlərə qarşı öldürücü təsir göstərir. Bunun üçün 50 q boymadərən xammalı 500 ml suda dəmlənir və ilıq şəkildə tənziflə bütün bədənə sürtülür. Bu prosedura dəridə olan parazitləri məhv edir, pis qoxuları aradan qaldırır və dərini təravətləndirir. Dəmləməsi böyük qan dövranı pozulmalarında faydalıdır, əl və ayaqlarda olan soyuqluğu və üşütməni aradan qaldırır. Eyni zamanda ürəkbulanma və konyuktivitdə (göz xəstəliyi) də istifadə olunur. Bütün iltihabi xəstəliklərdə sulu dəmləməsi daxilə qəbul olunur. Təbabətdə qankəsici, kolit, mədə və 12 barmaq bağırsaq xorası zamanı bakterisid təsirə malikdir. Xalq təbabətində isə qankəsici, yarasağaldıcı malyariya, böyrəkdaşı və qaraciyər xəstəlikləri zamanı təyin edilir. Bu bitki həm də dərman, ədviyyat, dekorativ və balverən bitki kimi də tanınır.

Hazırlanması: 2 çay qaşığı bitki xammalı 250 ml qaynar suda 15 dəqəqə ərzində dəmləyərək (termosda) gündə 2 fincan (sutkalıq doza) qəbul etmək məqsədəuyğundur. Xaricə tətbiqi zamanı 3 xörək qaşığı bitki 1,5-2 stəkan qaynar suda dəmlənilir. Öd, mədə və bağırsaq xəstəlikləri zamanı 20 qram boymadərən, 50 qram çobanyastığı və 50 qram nanə ilə birlikdə dəmlənilməklə qəbul edilir. Bəzi xarici ölkələrdə yağ və ət məhsullarının (kolbasa) hazırlanmasında boymadərəndən geniş istifadə edilir.

Xalq və ənənəvi təbabətdə qaraciyər, podaqra, revmatizm, limfa vəzilərinin vərəmi zamanı istifadə edilir. Eyni zamanda qıcolmalar, irinli yaralar, anemiya, ağciyər xəstəliklərində də müvəffəqiyyətlə tətbiq edilir. Hamiləlikdə əks göstərişdir.

Qədim tarixə görə Axill, Patrokl, Xiron, Telef və Dioskorid kimi filosof və təbiətşünaslar bu bitkini “ecazkar bitki” adlandırıb.

                                                                                         Ramiz Ələkbərov

                                                              AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar

laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: