Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri abituriyent, məzun, müəllim və valideynlərə müraciət edib
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent, məzun, müəllim və valideynlərə müraciət edib.
NUHÇIXAN Dövlət İmtahan Mərkəzinin saytına istinadla müraciətin mətnini təqdim edir:
“Əziz məzunlar və abituriyentlər, hörmətli müəllimlər və valideynlər!
Bu günlərdə bizə imtahanların keçirilmə tarixləri barədə xeyli müraciətlər daxil olur. Biz sizin həyəcanı çox yaxşı anlayır və onu əsaslı hesab edirik. Hər bir şagird məktəbi bitirdikdən sonra attestasiyadan keçmək və müvafiq bilikləri varsa, təhsilini növbəti pillədə davam etdirmək imkanını əldə etməlidir. Lakin bu il virus həyatımıza müdaxilə etdi, onu dəyişdi, amma virus həyatımızı məhv edə bilməz. Həyat davam etməlidir! İndi biz onu virusdan müdafiə etməyi öyrənməliyik. Biz sağlam qalmalıyıq!
Bu tip daxili gərginliyi azaltmaq və stressi idarə etmək üçün ilk növbədə, məsələyə şüurlu yanaşmaq, rasional baxış bucağı formalaşdırmaq zəruridir. Nəticə etibarilə vəziyyət ciddi olsa da, çıxış yolları var və dövlət-vətəndaş birliyi ilə onun öhdəsindən gəlmək mümkündür.
Gəlin birgə sadə bir riyazi məsələyə nəzər yetirək. Bu, virusun nə qədər təhlükəli olduğunu dərk etməyə kömək edəcək. Hansı səbəblərə görə karantin qaydalarına əməl etmək lazımdır? Bu dərəcədə sərt tədbirlər nəyə lazımdır?
Əgər başlanğıc mərhələdə infeksiyanın qarşısı sərt tədbirlərlə alınmasa, o həndəsi silsilə ilə artar və onun yayılmasının qarşısını almaq qeyri-mümkün olar. Həndəsi silsilənin nə demək olduğunu məşhur bir riyazi məsələ ilə izah etməyə çalışaq. Təsəvvür edin ki, hər hansı bir gölün səthində su zanbağı bitib və onun yarpaqları həndəsi silsilə ilə artır. Başqa sözlə hər bir yarpaqdan gün ərzində daha bir yarpaq yaranır. Bu, hər gün zanbaq yarpaqlarının iki dəfə artmasına səbəb olur. Tutaq ki, 60 gün ərzində zanbaq yarpaqları gölün səthini tamamilə örtür. Sizcə zanbaq yarpaqlarının gölün səthinin yarısını örtməsi üçün neçə gün keçməlidir? İlk ağıla gələn cavab adətən 30 gün olur. Lakin doğru cavab 59 gündür. Yəni zanbaq yarpaqlarının gölün səthinin birinci yarısını örtməsi üçün 59 gün lazım olsa da, ikinci yarısını örtməsi üçün cəmi bir gün lazımdır. Bəs sizcə, bu hesabla gölün səthinin 1 faizi neçənci gündə örtülür? Cavab 53-cü gündür. Yəni yayılmanın 0-dan 1 faizə çatması üçün 53, 1 faizdən yüz faizə çatması üçün cəmi 7 gün lazımdır.
İndi gəlin bu məsələni pandemiyaya tətbiq edək. Tutaq ki, hər hansı ölkənin vətəndaşları düşünür ki, virusun ölkədəki yayılma faizi çox aşağıdır və ümumilikdə ölkə üçün heç bir təhlükə törətmir. Buna görə də öz normal həyatlarına davam edirlər və heç bir qabaqlayıcı tədbir görmürlər. Hesab edək ki, virusa yoluxan hər bir insan orta hesabla cəmi bir başqa insanı yoluxdurur. Bu şəkildə pandemiyanın yayılması 1 faizə çatdıqdan sonra cəmi bir həftə ərzində bütün ölkə əhalisi yoluxmuş olacaq. (1 faiz → 2 faiz → 4 faiz → 8 faiz →16 faiz → 32 faiz →64 faiz → 100 faiz). Məhz buna görə də pandemiyaya mümkün qədər tez müdaxilə edilir və sərt tədbirlər görülür.
İndi isə gəlin başqa bir suala birgə cavab tapaq: İnkişaf etmiş bir sıra ölkələrdə ortaya çıxan kütləvi ölümlərin səbəbi nədir?
Bu suala cavab vermək üçün başqa bir məşhur riyazi məsələyə nəzər salmaq lazımdır. Hər birimiz məktəbdə hovuz problemi adlanan riyazi məsələləri həll etmişik. Bu məsələyə görə bir hovuza krandan su doldurulur, başqa bir boru vasitəsilə isə su hovuzdan kənara axır. Əgər hovuza dolan suyun həcmi boşalandan böyükdürsə, onda bir müddət sonra hovuz dolub-daşmağa başlayacaq. Əgər əksinədirsə, onda hovuz tezliklə boşalacaq. Əgər dolan su ilə boşalan suyun həcmi bərabərdirsə, bu halda hovuzda daim müəyyən sabit miqdarda su qalacaq.
İndi gəlin bu məsələni də pandemiyanın izahına tətbiq edək. Burada hovuz ölkənin səhiyyə sistemini, hovuzdakı su artıq virusa yoluxmuş və müalicə alan insanları, krandan gələn su yeni xəstələnənləri, boşalan su isə sağalan xəstələri ifadə edir. Hovuz kimi səhiyyə sisteminin də xidmət həcmi məhduddur. Yəni orada yataq yerləri, lazımi avadanlıq və həkim, digər tibbi personal bəlli bir sayda xəstəyə xidmət göstərilməsinə imkan verir. Əgər virusa yoluxma sürəti yoluxanların sağalma sürətindən aşağı və ya bərabər olsa, onda səhiyyə sistemi istisna halları çıxmaq şərti ilə insanların əksəriyyətini müalicə edib sağalda bilər. Əgər xəstələnmə sürəti sağalma sürətini üstələsə, onda bu sistemin xidmət həcmini aşacaq, bütün yerlər dolu və həkimlər məşğul olduğu üçün yeni gələnləri müalicə etmək mümkün olmayacaq. Bu isə insan itkisinin kütləvi şəkildə artmasına səbəb ola bilər.
Gördüyünüz kimi, bu iki situasiya məsələsi orta məktəbin riyaziyyat kursuna aiddir. Bu məsələlər hazırkı vəziyyətin strukturunu çox aydın şəkildə təsvir edir və izah edir ki, niyə biz sizə indi kütləvi imtahanların keçirilmə vaxtını dəqiq deyə bilmirik.
Amma yuxarıda qeyd etdiyim kimi, həyat davam edir və biz sizi yarıyolda qoymayacağıq. Bütün kollektivimiz hazırda onlayn şəkildə çalışır. Mərkəzin “YouTube” kanalına “vizuallaşdırılmış dərs”lərin yerləşdirilməsi davam edir. Yeni dərslər hazır olduqca müvafiq bölmələrə əlavə edilir. Son 20 gün ərzində kanala yerləşdirilmiş dərslərə baxış sayı 100 mindən artıq olub. Otk.az portalı vasitəsilə abituriyentlər ödənişsiz onlayn sınaq imtahanları imkanından istifadə edirlər. Martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 12239 istifadəçi tərəfindən 23820 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb). DİM nəşrlərinin onlayn sifariş əsasında poçt xidməti vasitəsilə sifarişçilərin ünvanına çatdırılması işi davam etdirilir. “Pozitiv zəka” bloqunda insanlara psixoloji dəstək göstərilir. İnzibati binamızda vətəndaşların qəbulu müvəqqəti dayandırılsa da, onların müraciətləri 1653 Çağrı Mərkəzi, elektron poçt, sosial şəbəkə hesabları, həmçinin DİM-in regional bölmələri üzrə telefon vasitəsilə cavablandırılır. Vətəndaşlar məlumat əldə etmək üçün Mərkəzin saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə, həmçinin [email protected] elektron poçt ünvanına yaza bilərlər.
Biz şagirdlər üçün yeni onlayn imtahanları layihələndiririk. Azərbaycan dili istisna olmaqla, tədrisin digər dillərdə aparıldığı təhsil müəssisələrində təhsil alan şagirdlər üçün “Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə onlayn imtahan işlənib hazırlanır. Elektron imtahanlar zamanı hər hansı qayda pozuntusu və ya sui-istifadə hallarını istisna etmək üçün imtahanların proktorinq (nəzarət) sistemi üzərində işlər aparılır. Əlbəttə ki, epidemioloji vəziyyət imkan versə, sıx qrafik üzrə ənənəvi imtahanları keçirməyə hazırıq. Lakin, biz sadəcə, gözləyərək vaxt itkisinə yol verə bilmərik. Siz də bunu etməyin. Vaxtınızı boşuna sərf etməyin, təqdim etdiyimiz bütün resurslardan istifadə edərək dərslərinizlə məşğul olmağa davam edin.
Təbii ki, gigiyena və özünütəcrid qaydalarına da mütləq əməl edin. İndi siz virusun ölkəmizdə yayılmasının qarşısını almaq üçün hökumətimiz tərəfindən ilk günlərdən həyata keçirilən bütün lazımi qabaqlayıcı tədbirlərin əhəmiyyətini daha yaxşı anlayırsınız. Mən də sizi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən qaydalara uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum ünsiyyətdə olmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə, mövcud qabaqlayıcı tədbirlərin şərtlərinə ciddi əməl etməyə çağırıram.
Pis günün ömrü az olar.
Evdə qalın, pozitiv qalın və savadlı olun!”