AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Musa Quliyev tərəfindən xeyli sayda arxiv sənədləri tədqiqata cəlb edilib.
Bölmənin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN-a bildirilib ki, sənədlər arasında 3-cü Kalbalı xan Naxçıvanski-Kəngərlinin 1918-1920-ci illərdə apardığı döyüşlər, general İsmayıl xan, məşhur hərbiçi Novruz ağa, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində işləyən və 1937-ci il repressiya qurbanlarından olan Heydər ağa Şahtaxtinski, Azərbaycanın Əməkdar müəllimi Həbib Naxçıvanski Əkbər xan oğlu haqqında, eyni zamanda maarifçi-demokrat Qurbanəli Şərifzadə, görkəmli ədəbiyyatşünas alim Əziz Şərifin atasına aid arxiv materialları var.
Qeyd edək ki, elmi araşdırmalara cəlb edilən sənədlər və fotolar Azərbaycan Respublikasının Dövlət Tarix Arxivindən, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivindən, Gürcüstan Milli Arxivindən, Gürcüstan Milli Mərkəzi Kitabxanasından, Rusiya Dövlət Hərbi-Tarix Arxivindən (Moskva) əldə olunub.