Mövcud vəziyyətlə bağlı həyatımızın bütün sahələrində yaşanan durğunluq cəmiyyətləri, insanlığı, insan səbrini sınağa çəkməkdədir. Hazırda gərgin günlər yaşadığımız izolyasiya şəraitində istər məişətimizdə, sosial həyatımızda, istərsə də təhsil sahəsində təlim texnologiyaları sayəsində məsafədən bütün işlərimizi həll etmək məcburiyyəti – distant təhsili də zərurətə çeviribdir. 2017-ci ildə müdafiə etdiyim doktorluq dissertasiyasına hazırlıq və araşdırma apardığım illərdə İKT-nin təhsil sahəsinə yeni nəfəs gətirdiyi qənaətinə gəldim. Apardığım müşahidə, eksperiment dərsləri və dünya təcrübəsinə əsaslanaraq müzakirə və seminarlarda texnologiyaların təhsilə gətirdiyi və gətirə biləcəyi imkanları israrla vurğulayıb, müxtəlif tövsiyə və təkliflərlə çıxış etdim: “.....müzakirə ediləcək məsələləri ilkin olaraq aşağıdakı kimi müəyyənləşdirmək istərdik: onlayn təhsil, distant təhsil, elektron dərsliklər, multimedia proqramları, tədrisdə istifadə edilməsi səmərəli hesab edilən müxtəlif proqramlar. Bəzən ali və orta məktəb müəllimlərindən bəziləri sual edirlər: əvvəllər İKT, internet, multimedia yoxdu, biologiya elmi öyrədilmirdimi? Bir sözlə, elektron təhsil resursları elmlərin öyrədilməsində zəruridirmi? Müəllimlərinin bu haqda fikirləri müxtəlif olub. Onlardan bəziləri bu məsələyə öz nöqteyi-nəzərindən yanaşıb, bəzən obyektiv, bəzən də subyektiv mövqedə dayanıblar.... Elektron Təhsil Resursları – tədris məzmunlu elektron formadır və onları səsləndirmək üçün müxtəlif elektron mexanizmlərdən istifadə edilir. Elektron resursların müxtəlif istifadə formaları keçiləcək materialın həm mətn variantını, həm eyni zamanda mətn və diaqram, şəkil, cədvəl şəklində, həm də multimedialı təqdimat kimi, illüstrasiyalar, səsli, tərkibində video, animasiya, audio, məzmun və interaktiv üsullardan istifadəsinə imkan yaradır.” – bu fikirləri söylədiyim və müdafiəsində durduğum zamanlarda ağlımıza da gəlməzdi ki, hazırkı vəziyyəti yaşayacaq, texnologiyalardan, distant təhsildən asılı qalacaq, hətta yeganə ünsiyyət vasitəsi kimi onlayn, virtual fəaliyyət göstərəcəyik.
Hazırda dünya təcrübəsində öz səmərəsini çoxdan təsdiqləyən onlayn, ofline, distant, virtual təhsil formaları artıq günümüzün həqiqətinə çevrilibdir. Naxçıvan Dövlət Universiteti hər zaman bu sahədə müxtəlif dünya ölkələrinin təcrübəsini öyrənib və tətbiq edib. 2014-cü ildə kiçik bir heyətlə Cənubi Koreyanın KOİCA şirkətinin layihəsi ilə Seul şəhərində treyninqlərdə iştirak etmişik. Mühazirələrdən birində prof. Kim Nam Young bildirdi ki, Koreyanın dövlət və təhsil sahəsindəki təcrübələri hər zaman dünya ölkələrini daha çox cəlb edib. Koreyada ofline, onlayn dərslərin keçirildiyi qarışıq tipli universitetlər də var. Yalnız onlayn dərslər verən Busan Cyber Universiteti də fəaliyyət göstərir». Professorun fikrincə: «ofline universitetdən onlayn universitetinə keçmək üçün kurikulum və «Müəllim Öyrətmə Mərkəzləri (CTL) böyük əhəmiyyət daşıyır. Professor öz təcrübələrinə əsaslanaraq belə bir təkliflə çıxış edirdi: Onlaynda mühazirə dinləyib ayda bir dəfə oflayn mühazirədə iştirak etmək daha səmərəlidir və 3 onlayn mühazirədən sonra 1 ofline mühazirə deyilməsi məqsədəuyğundur. Bu zaman tələbələr öyrəndiklərini auditoriya və müəllimlə paylaşır və fikir mübadiləsi etmək imkanı qazanır. İstər onlayn, istərsə də ofline tədrisdə İKT mütləq işlədilməli, dərs zamanı dinləyicilərin darıxmaması üçün müəllim bəzən jestlər edə, qeyri-adi məlumatlarla auditoriyanı canlandırmağı bacarmalıdır. Bundan başqa, onlayn universitetləri bitirənlərin qısamüddətli oflayn kurslar keçməsi də məqsədəuyğundur» (prof. Kim Nam Young).
Son illər bütün dünyada yeni təlim texnologiyalarının (YTT) tədrisə tətbiqi – distant təhsil geniş yayılıb və tədrisin əsas tərkib hissəsinə çevrilib. Deyildiyi kimi: heç bir texnika insanı, xüsusilə müəllimi əvəz edə bilməz. Səriştəli müəllim isə biliklərin çatdırılmasında yeni texniki vasitələrdən istifadə ilə gənc nəslin maraqlarını daha çox cəlb edən, öyrəniləcək materialı daha əhatəli şəkildə təqdim edəndir. Yeni təlim texnologiyaları və interaktiv təlim metodlarının köməyi ilə tədrisin keyfiyyətinin yüksəldilməsi, öyrənən-öyrədən münasibətindəki yeni yanaşma, müstəqil biliklərə çatmaq imkanının işlənib hazırlanmasına zəruri ehtiyac yaranıbdır. Biologiya canlılardan bəhs etdiyi üçün öyrənənlərin bu elmin sirlərinə dərindən yiyələnməsi, tənqidi təfəkkürə, yaradıcı qabiliyyətə malik olması üçün texnologiyaların, interaktiv metodların tədrisin təşkilində yeri və perspektivləri danılmazdır.
Koronovirus pandemiyasının yayıldığı son aylarda bütün sahələr kimi təhsil sahəsinin də iflic vəziyyətə düşməsi səbəbindən ali və orta məktəb müəllimləri əlimizdə olan imkanlardan istifadə edərək distant tədrisin təşkilinə həvəslə qoşulublar. İnanıram ki, bütün həmkarlarımız hər dəfə Zoom proqramını açdıqda özlərini sinfə girirmiş kimi hiss edir, həyacan keçirirlər. Hər dəfə onlayn dərsimizi tezliklə canlı auditoriyalarda görüşmək arzusu ilə bitiririk. Və vurğulamağı özümüzə borc bilirik ki, evdə qalmaqla hər birimiz özümüzü və ətrafdakıları qorumağa borcluyuq.
Doktorluq dissertasiyasında aşağıdakı məsələləri təkidlə nəzərə çapdırarkən bəlkə də bəziləri ciddi hesab etməyibdir. Mühafizəkar yanaşanlar isə ənənəvi qayda tərəfdarı olduqlarını qürurla önə çəkirdilər. Lakin mən bugünkü vəziyyəti deyil, təhsil sahəsində baş verə biləcək verimli nəticələri düşünmüşdüm: “Qabaqlar müasir dərslərdə başlıca texniki təlim vasitəsi rolunu kompüter və digər kommunikasiya vasitələri oynayırdısa, indi təhsilin idarə olunmasında elə smart lövhələr, sinevizyon deyilən digər vasitələr və s. meydana gəlibdir ki, multimediadan istifadə etməklə yüksək əyanilik səviyyəsinə malik olmaq, şagirdlərin fəaliyyətini genişləndirmək daha asan və cəzbedici olubdur. Məqsəd öyrənənləri biliklərin saxlandığı papka formatından çıxarıb sabahın cəmiyyət qurucularına çevrilməsinə nail olmaqdır. İnternetdən istifadə isə biliklərin öyrənilməsində əlavə informasiya mənbəyi rolunu yetərincə oynayır. İnternetdən istifadə ənənəvi təlim formalarının qeyri-ənənəvi, fərqli formalarda təqdimatına imkan yaradır. Yeni təlim texnologiyalarının sürətli inkişafı, hər gün təhsil məkanına inteqrasiyası göstərir ki, yaxın gələcəkdə respublikamızda təhsilin tamamilə elektron formatdan istifadəyə keçəcəyi, virtual, onlayn dərslər formasında təqdim ediləcəyi qaçılmazdır. Bu da yeni təlim texnologiyalarının fənlərin tədrisində nə qədər əhəmiyyətli yer tutduğunu, hətta əvəzedilməz olduğunu, yeri və həcmini müəyyənləşdirməyə şərait yaradır. Bu ildən NDU-da Elektron Universitet qurulduğundan video kontentlərimizi yazdırıb sistemdə yerləşdirərək tələbələrin ixtiyarına vermişik. Onlayn dərslərdən fərqli olaraq video mühazirələrdə verilən məlumatlar yetərincə aydın olmalı, izah olunmayan, az izah olunan istiqamətləri öyrənə biləcəkləri mənbə tələbələrə göstərilməli, nümayiş xatirinə mücərrəd fikirlər söylənilməməlidir. Çünki onlayn dərslərdə öyrənən-öyrədən arasında qarşılıqlı əlaqə vardır və tələbə qeyri-müəyyən vəziyyətdə müəllimin köməyindən istifadə edə bilir. Yaxın gələcəkdə respublikamızda da texnikanın təhsili, universitetlərin bütün fəaliyyət sahəsini idarə edəcəyi qaçılmazdır. Orta və ali məktəblərdə İKT-nin tətbiqinə verilən tələblər qarşımızda həllini gözləyən məsələlərdəndir” – proqnozunu vermişdik.
Artıq onlayn formatda simpoziumlar, forumlar, konqreslər keçirilməklə, tədris prosesinin keyfiyyətini yüksəldən metod və vasitələrin (təlim proqramları, tədris vasitələri və s.) keyfiyyətcə yeni formatda təqdimi problemin həllini qaçılmaz edib. Çünki informasiya texnologiyalarının təhsil sisteminə inteqrasiyası ilə formalaşan təlim texnologiyaları sürətlə inkişaf edərək yeni perspektivlər açmaqdadır. SMART təhsil istiqaməti çərçivəsində müxtəlif məsələlərin qaldırılması: kütləvi açıq onlayn kurslar; interaktiv elektron dərsliklər; virtual kurslar; gənclərin inkişafı üçün rəqəmsal dünya və s. fəaliyyətlər artıq aktuallıq kəsb etməklə tədrisin ana xəttini təşkil etməkdədir. Təlim texnologiyası hər zaman “öyrətmə bacarığı – təcrübəsi” kimi fəaliyyət göstəribdir. Və ya texnologiya xüsusi sahələrdə biliklər sisteminin tətbiqi nəticəsində xüsusi metodlardan istifadə edərək tapşırığı yerinə yetirmək tərzidir. Təhsilin səmərəliliyi və keyfiyyəti tədris prosesində pedaqoji texnologiyaların istifadəsindən çox asılıdır. Pedaqoji texnologiya təhsilin məzmunu kontekstində belə başa düşülür: təlim texnologiyaları öyrənilən fənlərə aid geniş məlumatları əldə etməyə imkan verir, yüksək səviyyəli təfəkkürü, əməkdaşlığı və problemlərin həllini təmin edir. Hazırda isə internet texnologiyası, Zoom, Loom və s. proqramlar yeganə ünsiyyət vasitəsi kimi cəmiyyətlərin və fərdlərin həyatında, eləcə də təhsil sahəsinin canlandırılmasında canqurtaran rolu oynamaqdadır. Son günlər məlum vəziyyətlə əlaqədar təhsil sistemində baş verən durğunluğu aradan qaldırmaq üçün onlayn dərslərin keçirilməsi və videodərslərin nümayişi təhsil sahəsində canlanmaya səbəb olubdur.
Təlim texnologiyası təhsilin hər pilləsi üzrə onun məqsədinin keyfiyyətli yerinə yetirilməsini təmin etmək üçün istifadə olunan sistemdir. Pedaqoji texnologiya mahiyyət etibarı ilə təlim-tərbiyə prosesinin lahiyələndirilməsinin sistemli metodu kimi fəaliyyət göstərməkdədir. Bəzi metodistlərə görə pedaqoji texnologiya təlimdə əldə olunmuş yüksək nəticələrin planlaşdırılması prosesidir. “Fikrimizcə, pedaqoji texnologiya - öyrənənlərin yeni bilik, bacarıq qazanması yolunda tədris prosesində istifadə olunan, təhsil sahəsini idarə edən, daim yeniləşən vasitədir. Bu vasitələr müasir texnoloji inkişaf nəticəsində ildən-ilə daha da təkmilləşir, xüsusilə biologiyanın tədrisində əyaniliyə geniş imkanlar açır” – demişdik bir neçə il əvvəl.
Gəl gör ki, hazırda koronovirus problemi artıq bütün dünyada insanı texnologiyaların insafına möhtac edib. Lakin bu pandemiyanın güman edildiyi kimi bioloji silah da olsa, çinlilərin bitib-tükənməyən iştahlarının bədəli də olsa cəmiyyətlərin, az qala bütün dünyanın həyatını iflic etməsinin qarşısı insan ağlının yaratdığı yenə də bir texologiyanın köməkliyi ilə alınacaqdır.
Zərövşən Babayeva
Naxçıvan Dövlət Universiteti
Zoologiya kafedrasının dosenti,
pedaqogika üzrə elmlər doktoru