Aprelin 5-i Geoloqlar Günüdür.
AMEA-dan NUHÇIXAN-a bildirilib ki, geoloqlar Günü ənənəvi olaraq hər il aprel ayının ilk bazar günü keçmiş SSRİ-yə daxil olan bir çox ölkələrdə geoloji elmlər və ixtisaslar üzrə fəaliyyət göstərən mütəxəssislər tərəfindən qeyd olunur. Bu əlamətdar günün SSRİ Ali Soveti Rəyasət Heyətinin 1966-cı il 31 mart tarixli Fərmanı ilə mineral-xammal bazanın yaradılmasında sovet geoloqlarının xidmətləri nəzərə alınaraq qeyd edilməsi qərara alınıb.
Peşə bayramının keçirilmə vaxtının aprel ayının əvvəlləri seçilməsi müvafiq sahə üzrə fəaliyyət göstərən mütəxəssislərin həmin vaxtlarda çöl-tədqiqat işlərinə başlaması, eləcə də ekspedisiyalara hazırlaşması ilə əlaqədardır.
Bu gün geoloqlardan əlavə, həm də axtarış və faydalı qazıntıların hasilatı ilə bağlı peşə sahiblərinin bayramı hesab edilir.
Qeyd edək ki, 1945-ci ildə AMEA-nın təşkil olunmasında Azərbaycanın görkəmli geoloq alimləri - Ələşrəf Əlizadə, Mirəli Qaşqay və Şamil Əzizbəyov yaxından iştirak edib. Ş.Əzizbəyov, M.Qaşqay, Ə.Əlizadə, M.Əliyev, Q.Əfəndiyev, Ş.Mehdiyev və digər istedadlı alimlərin gərgin əməyi nəticəsində Azərbaycanda geologiya elmi inkişaf etdirilib.
Ümummilli lider Heydər Əliyevin respublikada hakimiyyətə gəlişindən sonra ölkəmizdə elmin bütün sahələr üzrə inkişafına diqqət və qayğı daha da artıb və 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan geoloqları Qərb alimləri ilə birgə tədqiqatlar aparmağa başlayıblar.
AMEA-nın Geologiya və Geofizika İnstitutu da ölkəmizdə elmin inkişafında mühüm rola malikdir. Bu elmi müəssisə uzun illər ərzində geoloji elmlərin inkişafına, respublika ərazisinin geoloji quruluşunun, geodinamik şəraitinin, palçıq vulkanizminin və geoloji proseslərin riyazi modellərinin öyrənilməsi sahəsində fundamental və tətbiqi məsələlərin həllinə, həmçinin Azərbaycanın mineral-xammal bazasının yaradılması və möhkəmləndirilməsinə, ölkəmizin neft strategiyasının həyata keçirilməsinə töhfələr verib. İnstitut, həmçinin bir çox fundamental və tətbiqi xarakterli tədqiqatları həyata keçirən elmi mərkəzdir. Burada neft geologiyası, palçıq vulkanizmi, paleontologiya və stratiqrafiya, litologiya, geofizika, geotektonika və geodinamika, neft və qaz yataqlarının işlənilməsi sahəsində elmi məktəblər yaradılıb.