Naxçıvanın tarixi və mədəniyyəti ilə bağlı nadir sənət nümunələri, qədim kitab və məktublar beş minillik yаşı olan Nuh torpağının öyrənməsi baxımından mühüm əhəmiyyətə malikdir. Muxtar respublikada xalqımızın milli-mənəvi dəyərlərini toplamaq, qoruyub saxlamaq və təbliğ etmək kimi şərəfli bir missiyanı AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondu həyata keçirir. Bu gün fondun yaradılmasından 15 il ötür...
Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılan və Naxçıvanda elmin mərkəzi məbədgahına çevrilən akademiyanın Naxçıvan Bölməsinin 6 elmi-tədqiqat müəssisəsindən biri olan Əlyazmalar Fondu 2005-ci ilin 8 aprel tarixindən fəaliyyət göstərir. Daim dövlət qayğı ilə əhatə olunan fond son illər Naxçıvan Muxtar Respublikasına aid müxtəlif tarixi qaynaqları əhatə edən əlyazma və qədim çap kitabları ilə zənginləşib.
Əlyazmaların toplanılması, sistemləşdirilməsi, kataloqlaşdırılması, qorunması, tədqiqi, nəşri, təbliği, mədəniyyətimizin və tariximizin qaranlıq səhifələrinin üzə çıxarılması, ümumiyyətlə Azərbaycan elminin, onun ayrı-ayrı sahələrinin inkişaf tarixinin öyrənilməsini qarşıya məqsəd qoyan fondda bu gün 600-dək qədim əlyazma və çap kitabı mühafizə olunur. Azərbaycan, türk, fars, ərəb və başqa dillərdə tarix, dilçilik, ədəbiyyatşünaslıq, məntiq, fəlsəfə, həndəsə, riyaziyyat, astronomiya, tibb, coğrafiya və digər elm sahələrini əhatə edən qiymətli materialların 90-dan çoxu əlyazma, qalanı isə daşbasma üsulu və elektrik mətbəəsində çap olunan kitablardır.
Fondda qorunub saxlanılan bir sıra nadir sənət nümunələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən hədiyyə edilib. Bir qismi fond əməkdaşları tərəfindən ərazidə ekspedisiyalar zamanı toplanılıb, qalanları isə müxtəlif şəxslər və təşkilatlar, eləcə də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən fondun balansına daxil olunub.
Bunların arasında ən qədimi Qurani-Kərimin incə nəstəliq xətti ilə ərəbcə yazılan bəzi ayələri və dua nümunələri toplanan kiçik formatlı əlyazmadır. Bu əlyazma təxminən 500 il bundan əvvələ aiddir. Həmçinin müəllifi Abdullah Məhəmməd Nasiri olan 400 il bundan əvvəl ərəbcə yazılan “Ehticac” adlı əlyazma və Hacı Molla Əbdülkərim ibn-Məhəmmədəli Xorasaninin 1224 hicri qəməridə (miladi 1824) çap olunan farsca “Ənisül vaizin” fondda qorunan ən qədim çap kitabıdır. Ən qədim türkdilli kitab isə Əsgər ibn-Hüseyn bəy Ordubadinin sifarişi ilə katib Məşədi Hacı ağa Təbrizi tərəfindən üzü köçürülən Məhəmməd Füzulinin Azərbaycan dilində olan “Leyli və Məcnun” poemasıdır.
Bu gün fondun kitabxanasında Azərbaycan, ərəb, fars, ingilis və rus dillərində əksəriyyəti əlyazmaşünaslıq və mətnşünaslığa aid 300-dək müasir çap kitabları saxlanılır. Fondda qorunan naqis kitabların bir qismi bərpa olunub, 200-dək kitab cildlənib və onlara müəyyən gigiyenik xidmət göstərilib.
15 ildə bu elmi-tədqiqat müəssisəsində əlyazmaların toplanılması və tədqiqi, onların gələcək nəsillərə çatdırılması üçün bir sıra mühüm işlər görülüb. Belə ki, nadir sənət nümunələrinin kataloqlaşdırılması həyata keçirilib. Ötən dövrdə fondun arxivində mühafizə olunan qədim əlyazma və çap kitablarının demək olar ki, hamısına ilkin elmi rəylər yazılıb, onların adı, müəllifi, katibi, tərcüməçisi, yazılma, çap edilmə tarixi, yeri, xətti, həcmi və məzmunu müəyyən edilib. Fondda Məhəmmədhəsən Ordubadinin həyatı və əsərləri, Mirzə Mehdi xanın üzü Naxçıvanda köçürülmüş “İxtisarname-ye ovliya-ye adəmiyyət”, Bayrək Quşçuoğlunun əlyazmaları, Əli Əkbər ibn-Məhəmmədrza Dəllak Naxçivaninin “Muxtarnamə” əsərinin paleoqrafik xüsusiyyətləri, Kazım Ordubadinin “Tibbə dair qeydlər”, Müseyib Naxçıvaninin “Həqayiqi ət-tarix”, Hatif İsfəhani Ordubadinin “Tibnamə”, Əliqulu Mirzayi Naxçıvaninin “Əqaid-e fəlsəfə”, Fazil Naxçıvaninin haşiyə və xülasə yazdığı “Böyük Qarabaddin”, Hacı Molla Məhəmməd Naxçıvaninin “Səhabəd-dümu”, “Qürrətül-əbsar”, “Məzahir ən-Nur” və digər əsərlər tədqiqata cəlb olunub. Qeyd edək ki, sadalanan bu əsərlər tarixin müxtəlif dövrü üzrə tədqiqinin dərinləşməsində istifadə ediləbiləcək mənbə kimi qiymətlidir. Həmin mənbələr dövrünün elmi mühitini yaxından izləmək üçün əsaslı zəmin yaratması ilə yanaşı o dövrdə regionun ədəbi dili, kitabçılıq sənəti, katiblik, təzkirəçilik və başqa sahələrin öyrənilməsində əsaslı qaynaq kimi də istifadə oluna bilər.
Əməkdaşlar tərəfindən “Naxçıvanın milli-mənəvi sərvəti olan əlyazma mətnlərinin araşdırılması”, “Hacı Molla Məhəmməd Naxçıvaninin “Səhabət dümu” əsərində fəlsəfi düşüncələr”, ” Naxçıvanın mənəvi-mədəni irsinə dair əlyazma mətnləri”, “Nemətullah Naxçıvani: XV əsrin görkəmli təsəvvüf və təfsir alimi”, “Naxçıvanı öyrənən elmi cəmiyyət”, “Mirzə Əli Möcüzün əlyazmaları”, “Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” və başqa kitab və monoqafiyalar çap olunub. Bundan başqa, “Hacı Məhəmməd Naxçıvaninin Təbriz Mərkəzi Kitabxanasına hədiyyə etdiyi kitabların kataloqu” və fondda mühafizə edilən 48 əlyazma və 134 əksi çap kitabının qısa təsvirini əks etdirən “Fars dilli əlyazmalar və əski çap kitabları kataloqu” işıq üzü görüb. Elmin müxtəlif sahələrinə aid bu kitabların əksəriyyəti Naxçıvan Muxtar Respublikasının ərazisindən- Şərur, Sədərək, Kəngərli, Babək, Culfa, Ordubad, Şahbuz rayonlarının ərazilərindən toplanılıb. Hazırda isə fondda qorunan türkdilli əlyazmaların kataloqu çapa hazırlanır.
Görülən işlərin nəticəsi olaraq ümumilikdə fond əməkdaşlarının 25 kitab və monoqrafiyası, 300-dən çox məqalə və məruzəsi çap olunub.
Bunlarla yanaşı fondda Naxçıvanın elm, ədəbiyyat, mədəniyyət və maarif xadimlərinin şəxsi arxivlərinin yaradılması işinə də başlanılıb. Artıq XX əsrin 20-70-ci illərində Naxçıvanın ictimai-siyasi, elmi və ədəbi-mədəni mühitində özünəməxsus izi olan Seyid Səbrinin şəxsi arxivi yaradılıb.
Son illər beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində ciddi tədbirlər görən Əlyazmalar Fondu Təbriz Universiteti və Təbriz Mərkəzi Kitabxanası, Təbrizdəki “Əxtər” nəşriyyatı ilə yaxından əməkdaşlıq edir. Həmçinin ölkənin elm və təhsil müəssisələri ilə də sıx əməkdaşlıq həyata keçirir. Əməkdaşlar bir sıra respublika və beynəlxalq konfranslarda, simpoziumlarda elmi məruzələrlə yaxından iştirak edirlər. Fondun işinin daha səmərəli və kefiyyətli təşkili və onun zənginləşdirilməsi ilə bağlı burada tez-tez tədbirlər keçirilir, qarşıda duran vəzifələr müzakirə edilir, fikir mübadiləsi aparılır.
Akademiyanın Əlyazmalar Fondu ilə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb ki, bu sənəddə də hər iki tərəfin birgə tədqiqatlar və təcrübə mübadiləsi aparması, gənc əməkdaşların peşəkarlıq səviyyəsini artırmaq üçün nəzəri və təcrübi məsləhətlərin verilməsi işinin təşkili, qarşılıqlı yardım əsasında tərəflərin kitabxana və arxivlərinin zənginləşdirilməsi və digər məsələlər öz əksini tapıb. Əməkdaşlığın əsas məqsədi qədim əlyazma və çap kitablarının toplanılması, bərpası, kataloqlaşdırılması, mühafizəsi, tədqiqi, nəşri və təbliği vasitəsilə Azərbaycan xalqının elmi və ədəbi-mədəni potensialını, həmçinin milli və dini dəyərlərini nümayiş etdirməkdən ibarətdir.
İnanırıq ki, Əlyazmalar Fondunun kollektivi bundan sonra da yazılı abidələrimizi, əlyazmalarımızı qoruyub saxlamaq, dərindən tədqiq etmək və gələcək nəsillərə ötürmək üçün əlindən gələni əsirgəməyəcək.
Türkanə Bəylərli
AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsinin əməkdaşı