AMEA-nın müxbir üzvü, Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov son onilliklərdə Azərbaycan florasında iqlim dəyişikliyi hesabına karbon qazının bitkilərin artım dinamikasına, fenologiyasına, boy artımına, məhsuldarlığına təsirini araşdırıb.
Dendrologiya İnstitutunun İctimai əlaqələr şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, bu elmi müəssisənin əməkdaşları tərəfindən aparılan dendroxronologi tədqiqatlarda iqlim dəyişikliyinin meşələrdə ağacların böyüməsinə təsirləri təhlil edilib. Bu da meşələrin inkişafı və ağacların illik artımları haqda uzunmüddətli məlumatlar toplamağa imkan yaradıb. Həmin məlumatlar əsasında meşələrdə ağac növlərinin ətraf mühitə davamlılığını təyin etmək üçün halqalararası məsafədən istifadə etməklə iqlim amillərinin bitkinin kök inkişafına təsiri öyrənilib.
Tədqiqat işində iqlim dəyişkənliyi nəticəsində karbon qazının artmasının meşələrdə ağacların böyüməsinə, bitkilərin artım dinamikasına, fenologiyasına, torpağın xüsusiyyətlərinə təsiri elmi əsaslarla araşdırılıb, karbon ehtiyatlarının yanğınlara, həşərat hücumlarına və daşqınlara təsir mexanizmi öz əksini tapıb. Son onilliklərdə Azərbaycan florası təhlil olunub, Böyük və Kiçik Qafqazda yaşlı nüsxələr üzrə dendroxronologji təhlillər aparılaraq ağaclarda əlverişli illər əlverişsiz illərlə müqayisə edilərək, geniş və dar halqa nümunələrinə əsasən onun keçdiyi tarixi dövr haqda məlumatlar toplanıb. Ağac halqalarında çarpazlama üsulu ilə dəqiq təqvim illəri müəyyən dendroklimatoloji araşdırılmalarda onların illik təsir amillərinə dayanıqlığı, sinxron aralıq dəyişkənliyində coğrafi miqyası nəzərdən keçirilib, artan və asanlıqla yoxlanıla bilən iqlim-böyümə münasibətlərinin modelləri qurulmaqla, geniş ağac nümunələrinin xronologiyası aparılıb.
Yerin iqlimi tarixboyu bir çox dəyişikliklərə məruz qalan mürəkkəb, çoxkomponentli bir sistemdir. 20-ci əsrdə atmosfer tərkibində baş verən qlobal dəyişkənliyin əsas səbəblərdən biri də mühitdə baş verən antropogen amillərin təsiridir. Bu antropogen amillərin təsiri nəticəsində meşələrdə istilik effektivliyi artıb ki, bu da bitkilərin boy artımına, fenologiyasına, dinamikasına səbəb olub. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspert qrupunun (IPCC, 2007) son qiymətləndirmə hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8-1,2 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin əsasını istilik effekti yaradan qazlar - karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələri təşkil edir. BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına (UNFCCC) əsasən, iqlim dəyişikliyi atmosferin tərkibini dəyişdirən və insan fəaliyyətinə birbaşa və ya dolayı yolla təsir edən bir amildir.
Qlobal iqlim dəyişikliyi şəraitində ekstremal iqlim hadisələrinin şiddətinin gələcəkdə artmasının meşələrə müxtəlif yollarla təsir göstərəcəyi gözlənilir. Bəzi bölgələrdə proqnozlaşdırılan istiləşmə şimal bölgələrində daha quru şərait təhlükəsi yaradır, bu da birbaşa meşə yanğınlarının artması ilə nəticələnə bilər. Son iqlim dəyişmələri fonunda artan quraqlıq stresinin Naxçıvan MR-nın bəzi yüksək ərazilərində ağac artımının azalmasına səbəb olacağı gözlənilir. Bundan əlavə, iqlim dəyişikliyi həm yerli, həm də ekzotik növlər daxil olmaqla zərərvericilərin yayılmasına gətirib çıxara bilər.
Abşeronda böyümənin azalmasına səbəb quraqlıq və zərərvericilərlə izah olunur. Bundan əlavə, qışın sonunda, yaxud yazda baş verən quraqlıq və ya patogen həşəratlar ağac köklərinə böyük zərbə vurur.