Azərbaycanda prioritet istiqamətlərdən biri olan təhsil sahəsinin inkişafına böyük diqqət göstərilir. Azərbaycan təhsilinin bugünkü inkişafının mənbəyi ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan məqsədyönlü siyasətdən qaynaqlanır. Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində aparılan sistemli islahatlar Ümummilli liderin təhsil strategiyasının uğurla davam və inkişaf etdirilməsidir. Təhsilin müasir hədəflərinə doğru qəbul olunmuş strateji inkişaf sənədlərinin müddəaları yüksək dəqiqliklə həyata keçirilməsinin nəticəsidir ki, bu gün ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısı ən yüksək səviyyədədir. Belə ki, respublikamızda bu istiqamətdə atılan addımlar – müasir təhsil infrastrukturunun təkmilləşməsi, professor-müəllim heyətinin təcrübəsinin artırılması, ümumiyyətlə, keyfiyyətli tədris mühitinin yaradılması dediklərimizə bir nümunədir.
Distant təhsil sistemi müasir təhsil sistemimizin bir qoludur. Bu termin 1960-cı illərdə geniş istifadə edilməyə başlanılıb. Dünyada ilk dəfə olaraq İngiltərədə məktub vasitəsilə başlayan məsafədən təhsil daha sonralar radio, televiziya, telefon və digər media vasitələri ilə inkişaf edib.
Azərbaycanda distant təhsilin rəsmi yaranma tarixi isə Təhsil haqqında Qanunun təsdiq edildiyi 2009-cu il 19 iyun tarixindən hesab olunur. Qanunda təhsil almanın 4 formasından biri kimi distant təhsilin də mövcudluğundan danışılır.
Ali təhsil ocağının dünya təhsil sisteminə inteqrasiyasını daha da sürətləndirmək məqsədilə 2018-ci ildə ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində distant təhsilin həyata keçirilməsinə başlanıldı. 2018-ci ilin yanvarın 17-də Distant Təhsil Mərkəzinin açılışında iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov həmin mərkəzin istifadəyə verilməsini muxtar respublikanın həyatında əlamətdar hadisə kimi qiymətləndirib, Distant Təhsil Mərkəzinin fəaliyyəti ilə bağlı tövsiyələrini verib.
Universitetdə yaradılan elektron universitet layihəsi əsasında istənilən ölkədən təhsil almaq istəyən hər bir şəxs müxtəlif elektron vasitələri - kompüter, mobil telefon və planşetlərlə universitetin saytına müraciət edib, Distant Təhsil Mərkəzinə qoşulmaq imkanına malikdir. Mərkəzdə çoxfunksiyalı distant təhsil proqramında dərslərin offlayn və onlayn rejimdə tədris olunması üçün önəmli addımlar atılıb, layihələr işlənib hazırlanıbdır.
Distant təhsil xarici dillərin tədrisində digər sahələrdən daha əvvəl tətbiq edilməyə başlanıb ki, bunun da səbəblərindən biri xarici dillərə olan maraq, digəri isə əcnəbi dillərin öyrənilməsinə dair materialların zənginliyidir.
Xarici dillərin tədrisində olan dörd əsas prinsiplərdən (reading, writing, speaking, listening) biri yazmaq bacarığıdır. Bu bacarığı inkişaf etdirməkdə məqsəd sözləri dildə olan qrammatik qaydalar və semantik baxımdan düzgün yaza bilmək, durğu işarələrindən düzgün istifadə etmək, mətnin növünə bağlı sözləri düzgün seçmək, fikirləri uyğun ardıcıllıqla düzməkdir. Hədəf dildə danışanların həyat tərzi, tarixi, ədəbiyyatı, mədəniyyəti, fərqli cəmiyyətlərdə dilin necə istifadə edilməsinin məlumatını toplamaq üçün oxu bacarıqları, dinləmə, dinlədiyini anlamaq, səsləri ayıra bilmək, sözləri başa düşə bilmək, sözlərarası əlaqə qura bilmək üçün isə danışmaq bacarığı mühüm əhəmiyyətə malikdir.
Bu bacarıqlar hamısı distant təhsil vasitəsilə də edilə bilər. Danışmaq qabiliyyətinin öyrənilə bilməsi üçün cəmiyyət arasında danışmaq zərurəti vardır. Ancaq inkişaf edən texnologiyanın ortaya qoyduğu imkanlar, məsələn onlayn dil kurslarında istifadə edilən söhbət otaqları, forumlar, məktub dostluğu vasitəsi ilə də bunu etmək olar. Xarici dilləri onlayn öyrənmək üçün bir çox vasitələr - müstəqil öyrənmə üçün mövcud olan dərs kitabları, CD-lər, video kasetlər və s. mövcuddur. Səs, görüntü, həmçinin danışmaq imkanı olan televiziya və radio ilə dil kurslarının təşkili, skype, zoom və bir çox bu kimi proqramlardan istifadə genişlənir, veb səhifələr vasitəsilə tədris edilən xarici dil dərsləri artmaqda davam edir.
Məsafədən təhsildə xarici dillərin tədrisi müəllim və mənbələri məhdud olan məktəblərə bərabər şanslar vermək məqsədi də güdür. Çox geniş yayılmayan dillərin öyrənilməsində də distant təhsildən yararlanmaq olar. Bütün dünyada İKT-nin inkişafı istər müəllimlərə, istərsə də tələbələrə fiziki məhdudiyyətləri aşaraq, vaxta qənaət edərək, təhsil xərclərini azaldaraq, dil öyrənənlərə sinxron və asinxron ünsiyyət saxlamaq, animasiya, simulasiya kimi materiallar vasitəsi ilə öyrənmək imkanı verir. Heç bir dil təlimçisi, dilçi, tələbə yaxud da müəllim yeni texnologiyalarla öyrənmə mühitini inkar edə bilməz. Distant təhsil üzbəüz öyrənmə imkanı olamayan, kurslarda və proqramlarda əyani iştirak edə bilməyən öyrənənlər üçün zaman və məkanından asılı olmayaraq kursu davam etdirmək, təlimçi və digər öyrənənlərlə internet vasitəsilə ünsiyyət saxlamaq imkanı verir. Burada öyrənmə prosesinin məsuliyyətini dil öyrənən özü götürür, öyrənənin müstəqilliyi böyük əhəmiyyət daşıyır. Bu müstəqillik “təhsilin aşağı keyfiyyətə düşməsinə gətirib çıxararmı?”, “sosiallaşmanı azaldarmı?” kimi sualları da ortaya qoyur. Ancaq, bu bir həqiqətdir ki, öyrənmək istəyənlərə bunlar bəhanə deyil.
Öyrənmə prosesi insanların ətraf mühitin təsiri ilə yaranan düşüncə, davranış dəyişiklikləridir. İstər eşidərək, görərək, ya da tətbiq edərək baş verən öyrənmə müddətinin sürətlənməsi günümüzdə önəm qazanıbdır. Bugün dünyada məsafədən təhsil prosesində verilən diplom və sertifikatlar üz-üzə təhsil proqramları ilə bərabər tutulur, bütün qabaqcıl universitetlərdə məsafədən təhsil aparılır və dünyada sadəcə onlayn fəaliyyət göstərən tanınmış universitətlər də vardır. Dünyada məsafədən təhsilin tətbiqi, həyata keçirilən telekonfranslar, videokonfranslar, kompüter, telefon, tabletlər, peyklər və gələcəyin texnologiyalarına əsaslanmaqdadır. Bu gün artıq simsiz və mobil cihazların istifadə sahələrinin genişlənməsilə öyrənmə sistemləri də bu inkişafdan təsirlənərək, E-öyrənmə və distant öyrənmə özəlliklərini özündə cəmləşdirən, hər yerdə kompüter texnologiyalarının istifadəsi üzərinə qurulmuş modern bir təhsil sistemi olan “U-öyrənmə”, “hər yerdə öyrənmə” (Ubiqutios Learning) məhfumu ortaya çıxıb. Virtual məktəb, virtual sinif öyrənmək istəyənlərə imkan verir ki, dünyanın digər nöqtəsində istədiyi bir müəllimin sinfində dərs dinləsin.
Son zamanlar baş verən proseslər isə distant təhsilin əhəmiyyətini bir daha ortaya qoydu, bu təhsil formasının bundan sonraki inkişafının davam etdirilməsinə ehtiyac olduğunu göstərdi. Bugün dünyanı iflic edən, qlobal problemə çevrilən Koronavirus pandemiyası təhsil sahəsinə də təsirsiz keçmədi. Ancaq yeni nəsil texnologiyaları imkan verir ki, uzaqdan məsafəli şəkildə dərslərimizi tələbələrimizə müəyyən proqramlar vasitəsilə çatdıraq və onların materialı mənimsəməsində kömək edək. “Evdə qal, təhsildən qalma” şüarı ilə Naxçıvan Dövlət Universitetinin xarici dil-ingilis dili müəllimləri olaraq biz də üzərimizə düşən məsuliyyəti anlayaraq əlimizdən gələni etməyə çalışırıq.
Türkan İsmayıllı
Naxçıvan Dövlət Universiteti
İngilis dili və metodika kafedrasının müəllimi