Onlayn dərslərin gedişi və LMS Öyrənmənin idarəolunması sisteminə hazırlığın vəziyyəti müzakirə edilib - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin iştirakı ilə onlayn qaydada növbəti iclas keçirilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, görüşün məqsədi ali təhsil ocağında universitetin LMS (Learning Management System) Öyrənmənin idarəolunması sisteminə hazırlığın vəziyyəti, sərbəst iş mövzularının müəllimlər tərəfindən təqdim edilməsi, dövlət imtahanları və buraxılış işləri, onlayn və offlayn qaydada keçirilən dərslərin müzakirəsi olub.
Rektor ilk növbədə müxtəlif proqramlar vasitəsilə keçirilən onlayn dərsləri təqdirəlayiq hal kimi dəyərləndirərək qeyd edib ki, ardıcıl və sistemli keçirilən elektron dərslər artıq ölkəmizin bir çox universitetlərində də tətbiq olunan nümunəvi addıma çevrilib.
Dekanlar rəhbərlik etdikləri fakültələr üzrə müvafiq ixtisaslara uyğun keçirilən onlayn dərslər haqda danışıblar. Bildirilib ki, elektron dərslərin keçirilməsi artıq müəyyən bir ardıcıllıq və sistem üzrə həyata keçirilir. Verilən siyahıya nəzər saldıqda aydın görünür ki, son iki ay ərzində müəllimlərin iştirakı ilə onlayn dərslərin sayı 3000-ə çatdırılıb.
Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov buraxılış işi və yekun dövlət attestasiyalarının keçirilmə qaydalarına dair çıxış edib. Bildirib ki, universiteti bitirən 1262 nəfər məzunun 594-ü dövlət imtahanı, 668 isə buraxılış işi müdafiə edəcək. Buraxılış işlərinin hazırlıq vəziyyətinə nəzər salan prorektor vurğulayıb ki, artıq dövlət imtahanları da kafedralarda və fakültə elmi şuralarında müzakirə edilib. Mövcud fakültələr üzrə buraxılış işi və dövlət imtahanlarının statistikası diqqətə çatdırılıb.
Məsafədən təhsilin onlayn forması ilə bərabər offlayn forması olan və KOİCA tərəfindən Naxçıvan Dövlət Universiteti üçün “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia” layihəsi çərçivəsində yaradılan Öyrənmənin idarəolunması sistemi (Learning Management System) haqda universitetin Xarici tələbələr üzrə dekan müavini, distant təhsil şəbəkəsinin administratoru Hüseyn Qasımov məlumat verib. Qeyd edilib ki, artıq hər bir tələbənin adı, fənlər, tədris planları sistemə daxil olunub, elektron mühazirə otaqları yaradılıb. Bu platforma vasitəsi ilə tələbələrə mühazirələrin, video dərslərin, kurs işi və sərbəst iş mövzularının çatdırılması nəzərdə tutulur. Sistemdə eyni zamanda tələbələrin öyrənməsinə nəzarət üçün onlara test və ya açıq tipli sualların verilməsinin həyata keçirilməsi də mümkündür.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı Aqşin Məhərrəmov bildirib ki, artıq ali təhsil ocağının professor-müəllim heyətinin iştirakı ilə videodərslər yazılaraq sayt üzərindən tələbələrin elektron kabinetlərinə yerləşdirilib.
Universitetin rektoru çıxışında qeyd edib ki, virtual əlaqə zamanı dekan, kafedra müdirinin dərslərdə iştirakı təmin olunmalıdır. Bu tələbə və müəllimlərin qarşılıqlı məsuliyyətlərinin artmasına və tədrisin keyfiyyətinə birbaşa təsir edən faktor kimi əhəmiyyətlidir. Diqqətə çatdırılıb ki, laboratoriyalarda təcrübələr keçirilməli və tələbələr bu imkanlardan onlayn faydalanmalıdırlar.
Rektor vurğulayıb ki, bu sistemin bizə verdiyi geniş imkanları dəyərləndirməklə yaradılan şərait hərtərəfli qiymətləndirilməli və mövcud durumda hər bir müəllim bu imkanlardan yararlanmalıdır.