“Naxçıvan” Universitetində sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərarın icrası müzakirə olunub.
Universitetin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, onlayn iclasda ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva, Tədris və tərbiyə işləri üzrə prorektor Hüseyn Bağırsoylu, Tədris və Mühasibat şöbələrinin müdirləri, fakültə dekanları iştirak ediblər.
Görüşün məqsədi ali təhsil ocağında Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” 13 aprel 2020-ci il tarixdə imzaladığı Qərar, bu qrupa aid olan tələbələrin müəyyənləşdirilməsi və onlayn qaydada keçirilən dərslərin müzakirəsi olub.
Əvvəlcə rektor qərarı yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra fakültə dekanlarının onlayn və video dərslərlə bağlı hesabatı dinlənilib.
Rektor ali təhsil ocağında qərarda göstərilən qrupa aid olan tələbələrin müəyyənləşdirilməsi və onlayn dərslərin keyfiyyətinin artırılması ilə bağlı müvafiq tapşırıqlar verib.