Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası onlayn fəaliyyətə başlayıb

A- A A+

Naxçıvan Dövlət Universitetində (NDU) təhsil alan tələbələrin koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan olunan karantin rejiminin tətbiq edildiyi günlərdə də mütaliə vərdişindən geri qalmamaları üçün ali təhsil ocağının Elmi Kitabxanası onlayn fəaliyyətə başlayıb. Bu məqsədlə həftədə iki dəfə universitetin bütün fakültələrindən ibarət tələbələri cəlb etməklə onlayn kitab müzakirələri təşkil olunur.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Kitablardan pıçıltılar” adlı onlayn müzakirədə ilk dəfə qüdrətli söz ustadı Məhəmmədhüseyn Şəhriyarın nisgilli taleyi və ömür yoluna nəzər salınıb və şairin şah əsəri sayılan “Heydərbabaya salam” poeması bədii qiraət edilib. Qeyd olunub ki, poema, əslində, şairin uşaqlıq yaddaşında yaşayan ucqar bir kəndin xiffəti ilə yazılsa da, bütöv Vətən haqqında dastan kimi oxunur. Ədibin bu əsərində Vətənə, elə-obaya, adət-ənənələrə, milli-mənəvi dəyərlərə bağlılıq öz əksini tapıb. Tələbələr şairin yaradıcılığından “Yar qasidi”, “Behcətabad xatirəsi”, “Eynşteynə məktub” adlı bir sıra şeirləri də səsləndiriblər. 25 tələbənin iştirakı ilə keçirilən müzakirədə Şəhriyarın yaradıcılığı ilə bağlı suallar cavablandırılıb. Şairin xatirələrindən söz açılıb, onun geriyə qalan sevgi və ağrı dolu məktubları oxunub.

Sonda kitabxananın direktoru Fariz Əhmədov qeyd edib ki, artıq kitabxana lib.ndu.edu.az saytı vasitəsilə 24 saat onlayn fəaliyyət göstərir. Hər hansı kitabı oxumaq istəyən tələbə kitabın adını bu elektron ünvana göndərməklə 1 saat müddətində həmin kitabın pdf variantını və yaxud linkini əldə edir.

Vurğulanıb ki, son 3 gündə dərs vəsaiti, dərsliklər, bədii ədəbiyyat olmaqla, 200-dən çox oxucunun müraciəti kitabxana tərəfindən cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: