Aparılan elmi araşdırmalarda - bal, vərəmum, çiçək tozcuğu kimi arı məhsullarının tədqiqi sahəsində bir sıra uğurlu nəticələr əldə edən Naxçıvan Dövlət Universiteti müəllimləri arıçılıq məhsullarının tədqiq etməklə yanaşı, müalicə və profilaktika məqsədi ilə istehsalı prosesini də həyata keçirirlər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ali təhsil ocağında ilk dəfə olaraq müalicə məqsədi ilə istifadə olunması tövsiyə olunan bir sıra arıçılıq məhsullarının işlənməsi və çıxarışlarının alınması həyata keçirilib. Laborotoriyada arı vərəmumunun ekstraktı hazırlanıb və qablaşdırılıb. Eyni zamanda çiçək tozcuğu (polen) tədarükü, qurudulması və qablaşdırılması yerinə yetirilib. Bununla yanaşı laboratoriyalarda vərəmumun bir sıra xəstəliklərdə istifadəsi tövsiyə olunan sulu, yağlı, ballı qarışıqları, mazları, məlhəmləri, şamları və s. hazırlanması üçün işlər davam etdirilir.
Universitetin laboratoriyalarında aparılan polenoloji analizlər əsasında müəyyənləşdirilib ki, əldə olunan bütün ballar fərqli bitki qaynaqlarından (multifloral) əldə olunub və hər hansı bitki qrupunun üstünlüyü bu ballarda müşahidə olunmayıb.
Qeyd edək ki, laboratoriyalarda arı məhsulları ilə yanaşı, müxtəlif bitkilərin yağları və ekstraktları da əldə olunur. Kəklikotu, sürvə, pişiknanəsi və s. dərman bitkisi növlərindən alınan efir yağları ilk dəfə olaraq laboratoriya imkanları hesabına hazırlanır, təcrübi dərslərdə, elmi tədqiqat işlərində istifadə olunur. Gələcəkdə müalicə və profilaktika məqsədi ilə istifadə üçün preparatların hazırlanması da nəzərdə tutulur.
Səadət Əliyeva