Qloballaşma mühitində universitetlərdə elekton təhsil

A- A A+

Məşhur Kolumbiya yazıçısı Q.Q.Markes “Yüz ilin tənhalığı” əsərində yazırdı: “...artıq elm məsafəni məhv edib. Bir azdan insan evdən çıxmadan dünyanın istənilən bucağında baş verənləri görə biləcək”.  Doğrudan da, elmi - texniki tərəqqi nəticəsində dünyanın siması əsaslı şəkildə dəyişib. Yer kürəsinin ən uzaq regionları arasında bir an içində əlaqə yaradılması, informasiya ötürülməsi, mübadilələr aparılması  adi hal alıb.  Bir sözlə, qloballaşma baş verib.

Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də qloballaşmanın yaratdığı əsas yeniliklərdən biri təhsil mühitində rəqabətin artmasıdır. Bu, ilk növbədə tədris mühitində dövlətlərarası sərhəd faktorunun arxa plana keçməsi ilə özünü göstərir. Dünya iqtisadiyyatının inkişafı, qloballaşmanın yüksək həddə çatması işçi qüvvəsinin mobilliyi ilə yanaşı, daha potensiallı, keyfiyyətli təhsil  almaq və daha çox qazanmaq, yüksək mövqe tutmaq istəyən gənclərin də öyrənməsini aktuallaşdırır. Yeni informasiya texnologiyalarının tətbiqi isə əksər tədris məhsullarını daha da əlçatan edir. Nəticədə köhnə təhsil standartları, ələlxüsus işçi qüvvəsinin hazırlanmasında tətbiq olunan standartlardakı bir sıra xüsusiyyətlər artıq öz dəyərini itirir. Rəqabət nəticəsində tələbələr daha prestijli ali məktəblərdə oxumağa üstünlük verirlər. Belə ki, rəqabət nəticəsində universitetlər daha yaxşı təhsil vermək üçün öz maddi-texniki bazalarını genişləndirir. Bunun üçün lazım olan maliyyə vəsaitini isə virtual təhsil və xarici tələbə potensialı ilə qarşılamaq mümkündür. Amma, bu zaman  bir sıra universitetlər, o cümlədən bəzi regional universitetlər professor - müəllim və tələbə kontingenti sarıdan itkilərə məruz qalır.

Qloballaşmanın  ali təhsilə göstərdiyi təsirlərdən biri də əmək bazarında tələblərin dəyişməsidir. Əvvəllər SSRİ - də, o cümlədən Azərbaycanda ali məktəblər yalnız dövlət sifarişi əsasında kadrlar realizə edirdisə, bu gün artıq universitetlərdən əmək bazarının tələblərinə uyğun kadrlar hazırlanması tələb olunur. Bu isə gündən - günə dəyişən tələbat deməkdir.

Bu gün aparıcı dünya universitetləri yalnız məxsus olduqları dövlət üçün deyil, bütün dünya üçün kadr hazırlığı ilə məşğul olur. Bir çox qlobal tələblərin öhdəsindən gəlmək üçün metauniversitetlər, konsorsiumlar, universitetlər zənciri yaratmaq ideyaları artıq bəzi Avropa ölkələrində və Amerikada reallaşmaqdadır.

Qloballaşmanın təhsil üçün yaratdığı dördüncü təsir ciddi transformasiyadır. Bu təsir təkcə özünü təhsildə deyil, cəmiyyətin və  sənayenin inkişafında da göstərir. Beynəlxalq bakalvr dərəcəsində təhsil alan tələbələrin təhsilini istənilən vaxtda, istənilən məktəbdə davam etdirmək imkanı tələbələrin çoxuna təhsil proqramları çərçivəsində müxtəlif kurslarda müxtəlif universitetlərdə oxumaq imkanı verir. Bu imkandan yararlanan tələbələr xarici universitetlərdə təhsil alıb qayıtdıqdan sonra səmərəli fəaliyyət göstərir, sosial-iqtisadi tərəqqiyə öz töhfələrini verirlər. Amma onların bir qismi öz karyeralarını  qurmaq üçün bir yerdə işləyərək daha da inkişaf etmək əvəzinə, bir sıra hallarda dərhal sahibkardan və ya rəhbərdən çoxlu maaş tələb edir, ya da zaman - zaman daha çox əmək haqqı təklif edən işlərə keçməyi üstün tuturlar.  Bu isə  tədricən müəyyən istehsal sahələrinin zəifləməsi ilə nəticələnir.

Qlobal paradiqmanın digər bir mövzusu isə elm dilidir. Bu gün artıq ingilis dili dünya elminin aparıcı dilinə çevrilibdir. İlk baxışda bu gənclərin dünya dilinə yiyələnmək məcburiyyətini meydana gətirir və yaxşı qiymətləndirilir. Problemin gələcək təsirləri sonda onunla nəticələnir ki, gənclər öz dillərində elmi ədəbiyyat tapa bilmirlər. Müəlliflər isə daha çox xarici ədəbiyyata marağın olduğunu görüb kitab yazmaq üçün maraq göstərmirlər.

Aparılan tədqiqatların nəticəsində bir daha məlum olur ki, qloballaşma prosesi təhsil mühiti üçün bir sıra problemlər də ortaya çıxarıb. Bu cür vəziyyətdə həll yolu kimi elektron universitet modelinə keçid təklifi maraq doğurur. Elektron universitet modellərinə keçid bu prosesə uyğun təhsil sistemi qurmağa, baş verə biləcək fəsadları aradan qaldırmağa yardım edə bilər. Belə  ki, elektron universitetlərin yaranması təhsilin inkişafına aşağıda sadalanan müsbət effektlər verə bilər:

  • Elektron universitet layihəsi həyata keçərsə, bu zaman tələbələr (əsasən ikinci təhsil almaq istəyən) dərslərə onlayn şəkildə qoşulmaq imkanı əldə edəcəklər. Bu isə öz növbəsində ixtisasını artırmaq istəyən insanların universitetlərə marağını artıracaq və nəticədə universitetlərə maliyyə axını da çoxalacaqdır.
  • Elektron universitetlərdə çalışan müəllimlər öz dərslərini tələbələrə elektron variantda çatdırmaq, eləcə də tapşırıqları istədiyi yerdən yoxlamaq imkanı əldə etdiyindən bir neçə universitetdə işləsələr də, zaman məfhumuna qənaət edərək öz tədqiqatlarına daha çox vaxt ayıra biləcəklər. Bu da daha çox patent ixtiraların yaranmasına səbəb olacaqdır.
  • Elektron universitetlər əsasən xarici ölkə vətəndaşlarının da üstünlük verdiyi seçim olduğundan ali təhsil ocaqları zaman keçdikcə öz regional funksiyasını beynəlxalq funksiya ilə əvəz edə biləcək.
  • Yerli istehsal müəssisələrinin tələbatını ödəmək üçün onlayn kurslar təşkil oluna bilər ki, bu da universitetlərin dəyişən sərhədli əmək bazarının tələblərinə cavab verməsinə şərait yarada bilər.
  • Daha çox sərbəst yaşamağa və işləməyə üstünlük verən məzunlar bu kurslara müəllim qismində dəvət edilə bilər ki, bu da onların maddi vəziyyətinə müsbət təsir göstərər. Nəticədə yeni işə başlamış kadrlar nisbətən az növbəti iş yeri axtarar, dolayısıyla işlədiyi yerdə daha mükəmməl kadra çevrilər, işlədiyi müəssisəyə daha çox xeyir verə bilər ki, bu da müəssisələrin dayanıqlı inkişafına töhfə olar.
  • Elektron universitetin tələbə heyətinin əsasını hazırda işləyən insanlar təşkil edir. Bu da onu göstərir ki, onların yenidən xarici dil öyrənməyə çox da vaxtı yoxdur. Buna görə də elektron universitetlərdə dərslər həm də yerli dillərdə tədris olunacaq ki, bu da ana dilinin  elmi dil kimi  funksionallığının daha da genişlənməsinə  müsbət təsir göstərəcəkdir.
  • Elektron universitetin ekoloji səmərəliliyi istiqamətində aparılan tədqiqatlar zamanı məlum olur ki, hər min tələbənin bir akademik tədris ilində ehtiyacı olduğu tədris resurslarının kağız vasitələrə çap olunması, tədris prosesinin kağız üzərində sənədləşdirilməsi zamanı lazım olan kağız məmulatlarının istehsal olunması üçün orta hesabla 320 kvadrat metr meşə zolağının qırılması tələb olunur. Məlumdur ki, meşə zolaqları təqribən 20 – 30 ilə əmələ gəlir. 30 illik bir ağac isə gün ərzində 3 insanın nəfəs ala biləcəyi  qədər oksigen ixrac edir. Nəzərə alsaq ki, dünyada təqribən 200000000 tələbə var bu zaman elektron universitetin ekoloji cəhətdən də nə qədər səmərəli olduğu ortaya çıxır.

 Bütün bunları nəzərə alaraq bir daha demək olar ki, elektron universitetə keçid zamanın tələbi olan zəruri prosesdir.

Respublikamızın aparıcı ali təhsil müəssisələrindən biri kimi Naxçıvan Dövlət Universitetində də bu istiqamətdə diqqətəlayiq işlər görülüb  və görülməkdədir. Belə ki, 2013-cü ilin yanvar ayında elektron universitetin əsas idarəedici bloku – Biliklərin Elektron Qiymətləndirilməsi Sistemi – BEQS istifadəyə verilibdir. Bu proqram təminatının istifadəsi eyni anda 190 tələbənin müvafiq fənlər üzrə biliklərinin yoxlanılmasına imkan verir ki, bu da biliklərin qiymətləndirilməsi prosesinin daha çevik və şəffaf şəkildə həyata keçirilməsini təmin edir. Bu tədbirlərin davamı kimi həmin ilin sentyabr ayında elektron universitetin növbəti əsas bloku – Tələbələrin Elektron Qeydiyyatı Sistemi – TEQS istifadəyə verilibdir. TEQS bloku vasitəsilə tələbələrin qeydiyyatı elektron qaydada aparılır. Onların müvəffəqiyyətinə, təhsil dinamikasına və cari vəziyyətinə nəzarət, akademik transkriptlərin daha çevik təqdim olunması imkanı verir. İstifadəyə verilən hər iki blokun əsas üstünlüklərindən biri də proseslərin vahid mərkəzdən idarə olunması şəraitinin yaranmasıdır.

Elektron universitetlərdə təhsil prosesi əsasən distant formada yerinə yetirilir. Bu istiqamətdə də universitetdə əhəmiyyətli işlər görülübdür. 2014-cü ildə Cənubi Koreya Respublikasının KOİCA şirkəti tərəfindən burada Elektron Universitet və Multimedia Şəbəkəsi qurulubdur.  Qeyd olunan şəbəkənin bazasında 2018-ci ildə Azərbaycan təhsil məkanında ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində Distant Təhsil Mərkəzi fəaliyyətə başlayıbdır. Ötən dövr ərzində həmin mərkəz tələbə mübadiləsi proqramları çərçivəsində xaricdə təhsil alan universitet tələbələrinə xidmət göstərərək onların fərq imtahanlarının sayının minimuma endirilməsinə nail olunubdur.

Bütün bunlar onu söyləməyə əsas verir ki, hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Naxçıvan Dövlət Universiteti öz inkişaf strukturu ilə daim irəliyə doğru addımlayır.

 

                      Hüseyn Qasımov

                       Naxçıvan Dövlət Universiteti

     Distant Təhsil Şəbəkəsinin administratoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: