DİM-in Direktorlar Şurasının sədri: İmtahanların yeni qrafiki yaxın on gün ərzində ictimaiyyətə təqdim ediləcək
Yanvar ayında təsdiq olunan və ictimaiyyətə açıqlanan qrafikin bir hissəsini yerinə yetirmişik. Martın 1-də 9-cu sinfin buraxılış imtahanını üç istiqamət - Bakı, Şirvan Naxçıvan üzrə keçirmişdik. Amma qalan imtahanların koronavirusla əlaqədar ölkədə tətbiq edilən karantin rejiminə görə vaxtı təyin olunmayıb və onlar təxirə salınıb. Mart və aprel ayında olan imtahanlar keçirilmədiyi üçün imtahanlar qrafiki üzərində yenidən işləməliyik. Yeni imtahan qrafiki yaxın on gün ərzində ictimaiyyətə təqdim ediləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn mətbuat konfransında söyləyib. O bildirib ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərarına əsasın mayın 4-dək xüsusi karantin rejimi davam edir. Sonra biz karantin rejimindən tədricən çıxacağıq. Beləliklə, imtahanların qrafikini də həmin qrafikə uyğun olaraq ictimaiyyətə təqdim edəcəyik.