NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Əli Səbri Qasımov: Ömür yolu və yaradıcılığı” monoqrafiyasında Naxçıvan ədəbi mühitinin yetirməsi, istedadlı yazıçı, publisist, tərcüməçi və ictimai xadim Əli Səbrinin (1892-1993) ömür və sənət yoluna nəzər salınır, çoxcəhətli fəaliyyəti, zəngin yaradıcılığı sistemli şəkildə araşdırılır, o cümlədən bir çox əsərləri ilk dəfə tədqiqata cəlb olunur.
Naxçıvandakı “Əcəmi” mətbəəsində nəşr edilən kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri isə akademik İsmayıl Hacıyev və professor Əbülfəz Quliyevdir.
Xatırladaq ki, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli hazırda AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitunun direktor müavinidir. O, 30-a yaxın kitabın, 340-dan artıq elmi məqalənin müəllifidir. 4 kitabı və 50-ə yaxın elmi məqaləsi xarici ölkələrdə nəşr edilib.