AMEA Hüseyn Cavidin ev-muzeyi görkəmli şair-dramaturqun “Uçurum” əsərinin çap olunmasının 100 illiyi münasibətilə onlayn elmi sessiya keçirib. Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə muzeydən məlumat verilib.
Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı bildirib ki, elmi sessiyanın məqsədi “Uçurum” əsərinin yenidən nəşrə hazırlanmasını müzakirə etməkdir. Pyesin yazılması, nəşri və səhnələşdirilmə tarixi barədə məlumat verən G.Babaxanlı 100 illiyi münasibətilə əsərin ayrıca kitab formasında çap edilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Direktor qeyd edib ki, “Uçurum” faciəsinin yazılması və çap edilməsi ilə Hüseyn Cavid yaradıcılığının birinci mərhələsi başa çatıb. Mövzusu Türkiyə həyatından götürülmüş bu əsərdə ədib süni avropalaşmanı, yad təsirlərin milli mənəviyyatla uzlaşmayan eybəcərliklərini əks etdirib. Yüz ildən çox vaxt keçməsinə baxmayaraq, bu mövzuların günümüzdə də aktual olması Hüseyn Cavidin yaratdığı əsərlərin ölməzliyinin bariz nümunəsidir.
Sonra çıxış edən muzeyin elmi katibi İlahə Novruzova bildirib ki, əsərin ilk dəfə çap edilməsinin 100 illiyi münasibətilə ədəbi tarixi xronika yazılır. O, xronikanın əsərin yeni nəşr ediləcək kitabına da əlavə olunacağını söyləyib.